İran hökuməti azərbaycanlıları assimilyasiya etmək istəyir
Ruzanna Rəşidqızı.Azadlıq Radiosu.Çərşənbə axşamı, 18 mart 2008
ABŞ Konqresində ilk dəfə olaraq İranın milli azlıqlarına həsr olunan dinləmələr keçirilib. Dinləmələrdə İran azərbaycanlılarının, bəlucların, ərəblərin, kürdlərin təmsilçiləri iştirak ediblər.
İran azərbaycanlıları adından Azərbaycanlı Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə Zamani danışıb. O, deyib ki, İranda azərbaycanlıların sayı yalnız farslardan geri qalır, amma onların uşaqlarına azərbaycanlı adı verməyə də ixtiyarları yoxdur. Ana dilində təhsilə gəlincə, Zamani bildirib ki, İran hökuməti Azərbaycan televiziyası yaradıb, amma həmin televiziya azəri yox, «fazəri» dilində yayımlanır. «Fazəri» deyəndə, Faxtə Zamani çoxlu fars sözlərindən istifadə etməklə azərbaycanca danışanların dilini nəzərdə tutur. Zamaninin dediyinə görə, «fazəri» dilində verilişlər yayımlamaqla hökumət Azərbaycan dilini dəyişmək, fars dilinin dialektinə çevirmək istəyir: «Hökumətin məqsədi azərbaycanlıların assimilyasiyasına nail olmaqdır». Azərbaycanlıların təmsilçisi bildirib ki, İrandakı insan haqları fəallarının təcrübəsi, xaricdə dayağı yoxdur, amma onlar indi də İran rejimi üçün təhlükə hesab olunur.
Dinləmələrdə Konqresin iki üzvü iştirak edib və onlar İrandakı azlıqların haqlarını müdafiə etdiyini deyib. Amma dinləmələrdə məlum olub ki, İranın etnik azlıqlarıyla bağlı cəhdlər maneələrlə üzləşir. Euroasiya.net saytı yazır ki, dinləmələrdə səs-küy qopub, bəzi iranlı amerikalılar qəzəblənib, danışanları separatçılıqda günahlandırıblar. İş o yerə çatıb ki, məsələyə polis müdaxilə etməli olub. Keçmişdə İran Silahlı Qüvvələrinin tərkibində çalışan bir nəfər deyib ki, İran xalqının azərbaycanlı, bəluc, kürd problemi yoxdur. İran xalqının demokratiyaya ehtiyacı var.
Bir başqa iranlı amerikalı isə deyib ki, İandakı xalqlar min illərdir bir yerdə yaşayırlar: «Problem İran İslam Respublikasındadır».
Eurasia.net yazır ki, dinləmələr Buş administrasiyasının İranla bağlı strategiyasına istiqamət verə bilər. Dinləmələrdə iştirak edən rəsmilərdən də bəziləri qeyd ediblər ki, İranda rejimi dəyişmək üçün milli azlıqlardan istifadə etmək olar. Belə bir cəhdlərin başladığını göstərən fakt var. Artıq «Azad Avropa – Azadlıq» radiosu məhz İran azərbaycanlıları üçün yayımlanacaq Azərbaycan xidməti yaratmaq istəyir.
Ərdəbildə Abbas Lisaninin azad edilməsini tələb edən şüarlar yayılıb
Əbülfəzl Paşaoğlu .Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu.Çərşənbə axşamı, 18 mart 2008
Bir ildən artıqdır fəaliyyət göstərən Abbas Lisanini Müdafiə Komitəsi fəalın səhhətinin təhlükə altında olduğunu bildirib.
İran Azərbaycanının tanınmış fəalı Abbas Lisaninin azadlığa buraxılmasına israr edən Müdafiə Komitəsi martın 17-də bildirib ki, məhbus hazırda Yəzd şəhərinin mərkəzi zindanında təkadamlıq kamerada saxlanılır. Ona ailəsilə görüş icazəsi verilmir və aclıqda olduğuna baxmayaraq işgəncələrə məruz qalır.
2006-cı ildən Ərdəbil və Əhər zindanlarında saxlanan cənab Lisani martın 4-də gözlənilmədən Əhər zindanından çıxarılıb, İran Azərbaycanından 1000 kilometr uzaqda yerləşən Yəzd vilayətinə sürgün edilib.
Martın 8-də onun Yəzd həbsxanasından həyat yoldaşı ilə telefon əlaqəsinə imkan verilsə də Azərbaycan dilini başa düşməyən zindan məmuru dərhal söhbəti dayandırıb. Məhbus yalnız Yəzddə olduğu və Əhərə qaytarılana qədər aclıq aksiyasına son qoymayacağını söyləməyə imkan tapıb.
Onun həyat yoldaşı Ruqiyyə Lisani bildirir ki, məhbusla ikinci telefon söhbətinə martın 14-də icazə verilib. Bu danışıq da Azərbaycan dilində aparıldığına görə kəsilib. Lakin, fəal işgəncə edildiyi, qeyri-sanitar və dözülməz şəraitdə təkadamlıq kamerada saxlandığını söyləyə bilib. O, bunu da bildirib ki, ailəsinin Yəzdə getməsinə ehtiyac yoxdur, çünki, onunla görüş yasaq edilib.
Abbas Lisanini Müdafiə Komitəsi məhbusun keçmiş işgəncələr və uzun sürən aclıq aksiyaları nəticəsində böyrək xəstəliyinə düçar olduğunu bildirir. Hüquq müdafiəçiləri belə bir halda fəalın tibbi yardımdan məhrum edilməsinə də kəskin etiraz edirlər.
Bu etirazlar Ərdəbil küçələrinin divarlarına da yol açıb. Bu divarlardan çəkilən foto şəkillərdə «Qalx ayağa Azərbaycan», «Türk dilində mədrəsə (məktəb)», «Yaşa Azərbaycan milli hərəkatı» kimi yazıların kənarında «Abbas Lisanlı azad olmalıdır», «Yaşa Abbas Lisanlı türkün igid oğlu», «Seçkilərdə rəyimiz Lisaniyədir yüz faiz» şüarları da var.
«Savalan Səsi»nin verdiyi məlumata görə Ərdəbil ETTELAAT idarəsinin əməkdaşları 4 gənci Abbas Lisani haqda şüar yazdıqlarına görə həbs edib.
http://www.azadliq.org/Article/2008/03/18/20080318123133960.html
Mətbuat bildirgəsi (buraxılışı)
Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi
18 Mart 2008
Son Durum 2: Abbas Leysanlının Yəzd Həbsxanasında Məruz Qaldığı Ağır Durum
Bugün 13-inci gündür ki, Abbas Leysanlı aclıq aksiyası aparmağa başlamışdır. Bu aksiya etiraz mənasında İran yetgililərinə qarşı onun son gümanıdır ki, onu zorakılıq ilə öz doğma şəhəri yaxınındakı Əhər həbsxanasından ucqarlardakı mərkəzi Yəzd həbsxanasına köçürdür.
Güvənli bilgi qaynaqlarımıza görə, onun bədənin səhiyyə durumu şiddət ilə bətərləşməkdədir. Onun vücuduna keçmişdə qıyılan dönə-dönə işgəncələr və sürəkli aclıq aksiyası aparmalar nəticəsində hazırda, o böyrək xəstəliyinə məruzdur. Ona tibbi qayğı inkar olunma neticəsində də sağlamlıq durumu sarsılmaqdadır.
Həbsxana məsulları nə tək ona tibbi qayğını inkar edirlər, üstəlik ona qarşı ruhi təzyiq də yürüdürlər. O indi mərkəzi Yəzd həbsxanasının karantin bölməsinə köçürülmüş ki, burası hətta aclıq aksiyası aparmayan böyrək xəstəliyinə məruz şəxslərə də yaramaz. Bu ibtidai insan haqlarından məhrum olamalara baxmayaraq, onun ailə üzvlərinə görüş haqqı belə inkar olunmaqdadır.
Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi insan haqları müdafiə işləri ilə məşqul olan siz qurumlara və şəxslərə müraciət edir və sizi tələsdiririk ki, öz kampaniyalarınızı tezlik ilə səfərbər edəsiniz. Bu vicdan dustağının sağlamlığını indiyə dək feal beynəlxalq kampaniyası təmin etmişdir. İndi isə yalnız sizin fəal kampaniyanızın öhdəsindən gələr ki, onun sağlamlığı və insan haqları təmin və ona həyati önəmi olan tibbi qayğı zəmanət olunsun.
Əlaqələşmək üçün:
Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi
e-post: committee.lisani@gmail.com
Faxtə Zamani (Kanada) + 1 604 677 2524
«İranda azərbaycanlıların ən elementar hüquqları pozulur»
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu.Bazar ertəsi, 17 mart 2008
ABŞ Konqresi martın 13-də İranın etnik azlıqlarının vəziyyəti haqda dinləmə keçirib. Həmin dinləmədə iştirak edən Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə Zamani bildirir ki, ABŞ-ın Dövlət Departamenti və Konqres uzun illər İranın etnik azlıqların məsələsinə diqqət yetirməyib. Bu da bilavasitə informasiya qıtlığının nəticəsi olub:
«Son vaxtlara qədər beynəlxalq insan haqları təşkilatları İranda etnik azlıqların, o cümlədən də azərbaycanlıların vəziyyəti haqda az bilirdilər. Bu barədə kifayət qədər sənəd toplanmamışdı. Bunun səbəbi isə bizim xaricdə yaşayan nümayəndələrimizin fəal olmamasında idi».
Hüquq müdafiəçisinin fikrincə, 2006-cı ilin kütləvi etirazları xaricdəki azərbaycanlılara da təkan verdi: «Biz doğurdan da bu boşluğu hiss etdik. Ona görə ki, İran kimi qeyri-demokratik ölkədə milyonlarla azərbaycanlının bir həftə boyu küçələrdə yürüş keçirməsi xarici mətbuatda əks etdirilmədi. Həlak olanlar, xəsarət alanlar və yüzlərlə həbs edilənlər barədə xəbər yayılmadı. Elə buna görə də humanitar təşkilatlar və hökumətlər vəziyyətdən xəbərsiz qaldı».
2004-cü ildə Amerikanın İllinoys ştatından seçilmiş konqresmen Mark Steven Kirk və Texas ştatının nümayəndəsi xanım Şeyla Cəkson Lee Amerika Konqresinin nəzdində İran üzrə İşçi Qrupu təşkil ediblər. Qrup İran haqda müxtəlif tədqiqatçı, ekspert və hüquq müdafiəçilərini dinləmələrə dəvət edir.
İranın etnik azlıqlarına gəldikdə isə qrupun bu haqda keçirdiyi ilk tədbir ötən həftə olub.
Xanım Zamaninin fikrincə, azərbaycanlıların xaricdəki fəaliyyətləri olmasaydı, heç ABŞ konqresi bu məsələ ilə maraqlanmayacaqdı:
«Hər şey daxildəki hərəkatdan asılıdır. İranda azərbaycanlıların milli şüurunun yüksəlməsilə onların xaricdəki nümayəndələrinin də fəaliyyəti artır. Onlar insan haqları təşkilatlarına müraciət edir. Beynəlxalq təşkilatların bu haqda verdiyi bəyanat insan haqlarını müdafiə etməyi özünə borc bilən hökumətləri də maraqlandırır».
Kanada da yaşayan xanım Zamani bildirir ki, o, ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) vasitəsilə Vaşinqtondakı insan haqları təşkilatları və daha sonra Amerikanın Konqres nümayəndələrilə tanış olub və beləliklə də martın 13-də ABŞ Konqresində İranın etnik azlıqlarının vəziyyəti haqda keçirilən növbəti dinləməyə dəvət edilib.
Dinləmədə İranda yaşayan digər etnik azlıqlardan kürdlər, ərəblər, bəluçlar və dini azlıqlardan bəhailərin nümayəndələri də iştirak edib.
Faxtə Zamani bildirib ki, İranda azərbaycanlıların ən elementar hüquqları pozulur. Onların öz dillərində təhsil almasına imkan verilmir. Bu isə İran İslam Respublikasının öz konstitusiyasına ziddir.
Hüquq müdafiəçisi çıxışında vurğulayıb ki, hüquqlarını tələb edən azərbaycanlı fəallar təqiblərə məruz qalır və qondarma ittihamlarla yenidən həbs olunurlar.
Güney Azərbaycan milli fəalı Əsgər Əkbərzadə Ərdəbil həbsxanasından ETTELAAT-a aparılıb
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 14 mart 2008-ci il tarixində Ərdəbil həbsxanasında saxlanılan Güney Azərbaycan milli fəalı Əsgər Əkbərzadə həbsxanadan faşist molla rejiminin ETTELAAT məmurları tərəfindən naməlum istiqmaətə aparılıb.
Ailəsindən alınan informasiyaya görə övladlarının harada olduğundan xəbərsizdirlər. Onlar bildirir ki, bütün yerlərə müraciət etmişik, lakin bizə dəqiq heç bir söz deməyib, ondan xəbərsiz olduqlarını bildiriblər. Övladlarının durumundan ciddi nigaranlıq keçirən ailə üzvləri xəbərsiz olaraq qalmaqdadırlar. Ailəsi onun işgəncə olacağından qorxu keçirirlər.
Əsgər Əkbərzadə ilə birlikdə həbsxanada olanlar onun işgəncə olacağını bildiriblər.
Ərdəbildə 4 mili fəal həbs edildi
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən 13 mart 2008-ci il tarixində şovinist fars hakimiyyətinin ETTELAAT məmurları Güney Azərbaycanın milli fəalları Rəhim Gülabi, Cəfər, Tohid adlı və adı bəlli olmayan başqa bir milli hərəkat fəalı həbs olunaraq naməlum istiqamətə aparılıb. Bu günə qədər onların harda olduqları haqqında heç bir məlumat verilməyib.
Vaşinqtondan baxış. Abbas Lisani və Rza Dağıstaninin vəziyyəti
Amerika dövlətinin nəzərini əks etdirən Güney Azərbaycanın İnsan Haqlarının müdafiəçisi Abbas Lisani və Rza Dağıstaninin vəziyyəti barədə açıqlaması yayılıb.
Açıqlamada Güney Azərbaycanın insan haqları və milli hüquqlarının müdafiəçisi Abbas Lisanin yaxınları və dostları onun həyatından nigarandırlar. Məlumatlara əsasən o saxlandığı Ərdəbil şəhərinin yaxınılığında yerləşən Əhər həbsxanasından farsların mərkəzi vilayəti olan Yəzd həbsxanasına sürgün edilib. Abbas Lisanin xanımı Rüqəyya Əlizadə isə deyir ki, onun həyat yoldaşının Yəzd şəhər həbsxanasına köçürülməsi qanunsuzdur. Onun dediyinə görə bu sürgünə müqavimət göstərən Abbas Lisani məmurlar tərəfindən pis vəziyyətdə döyülüb və işgəncə olunub. Onun dostları inanır ki, cənab Lisaninin Yəzd həbsxanasına köçürülməsi onu daha da təkləmək və daha çox işgəncə etmək məqsədi daşıyır.
Rejimin qanunsuz rəftarlarına etiraz əlaməti olaraq cənab Lisani aclıq aksiyasına başlayıb. Amerika səsinin Azərbaycan servisinə müsahibəsində xanım Lisani deyib ki, Güney Azərbaycan türkləri öz milli və insani haqları uğrunda mübarizəni davam etdirir. Iran rejimi bizi bu yoldan döndərə bilməyəcək və biz bu yoldan geri çəkilmək fikrində deyilik. Əgər onlar Abbas bəyin ömrünün sonuna qədər həbsxanalarda saxlasalarda biz hər zaman onu müdafiə edəcəyik və onlar bizləri sındıra bilməyəcək.
Iranda insan haqlarının vəziyyətilə bağlı Amerikanın dövlət departamentinin yazdığı son hesabatda deyilir; 2006-cı ilin iyun ayında İran Əmniyyət rəsmiləri bir etiraz mitinqinin ardınca milli fəal Abbas Lisaninin həbs edərək onu hakimiyyət əleyhinə olan qüvvələrlə iş birliyində ittiham edirlər. Beynəlxalq Əfv Təşkilatının məlumataına görə 2006-cı ilin sentyabrında Abbas Lisani 16 ay həbs və 50 şallaq cəzasına məhkum edilmişdir.
Təhlükədə olan başqa bir Güney Azərbaycan türkü Rza Dağıstanidir. O Azərbaycan türkcəsi və farsca nəşr olunan “Çənlibel” dərgisinin yazarıdır. O həmçinin Azərbaycan türkcəsinin tədrisi üzrə müəllimdir və fevral ayının 21-i Beynəlxalq Ana dili gününün qeyd edilməsi ilə bağlı dinc tədbirlərin keçirilməsində təşkilatçılıq edib.
Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə cənab Dağıstani fevralın 21-də Urmiyədə evlərində həbs edilib. Əfv Təşkilatı onun Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda fəaliyyətlərinə görə həbs edildiyini və vicdan məhbusu olduğuna inanır. Əfv təşkilatı rəsmiləri onun işgəncə təhlükəsi altında olduğuna inanır.
Amerikanın dövlət katibi Kandliza Rays deyir: dünyanın bütün bölgələrində kişilər və qadınlar çox halda özləri və ailələrinə qarşı təhlükə altında, insan haqları və ilkin azadlıqlarını müdafiə etmək və öz düşüncələrini qorxmadan söyləmək, onuları idarə edənləri seçmək, öz liderlərini təyin etmək qanun çərçivəsində ədalətli bərabərliyin təmin edilməsi uğrunda mübarizə aparmaqdadırlar. O deyir, amrerikalılar inanır ki, bu cəsarətli kişilər və qadınları müdafiə etmək bizim əsas vəzifəmizdir.
http://www.voanews.com/uspolicy/2008-03-14-voa5.cfm
ETTELAAT-ın RƏHBƏRİ ƏRDƏBİLLİ DEPUTATI XƏYANƏTDƏ GÜNAHLANDIRIB
Martın 12-də İranın təhlükəsizlik (ETTELAAT) naziri Qulamhüseyn Möhsüni Ejei Ərdəbilin İslami Şura Məclisindəki (parlament) deputatı Nurəddin Pirmüəzzini «Amerikanın səsi»nə verdiyi müsahibəsinə görə xəyanətdə günahlandırıb.
Hazırda tibb sahəsində bir tədbirə qatılmaq üçün ABŞ-da səfərdə olan İran parlamentinin səhiyyə komissiyasının üzvü N.Pirmüəzzin martın 9-da «Amerikanın səsi» radiosunun fars dilində İrana yaydığı televiziya verilişinə müsahibəsində Əhmədinejad hökumətini və bu il martın 14-də İran parlamentinə keçiriləcək seçkilərlə bağlı islahatçı namizədlərə qarşı yol verilən qanunsuzluqları kəskin tənqid atəşinə tutub.
«Media forum» saytının məlumatına görə, nazir Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib: «Onun bu hərəkəti tamamilə bir xəyanət və çirkin bir işdir. Deputat olmayan adi bir insan da belə hərəkətə yol verməz. Mövcud qanunlara görə, bu kimi vəzifələrdə çalışan və məsuliyyət daşıyan şəxslərin xarici radiolara müsahibə verməsinə qadağa qoyulub. ETTELAAT məsələni araşdırır, nazirlik onun həmin hərəkətinə göz yummayacaq».
Müsahibəsində ərdəbilli deputat bildirib: «Prezident Mahmud Əhmədinejad hökumətinin apardığı siyasətdən belə çıxır ki, ölkədə ümumiyyətlə parlamentə ehtiyac yoxdur. Onlar necə istəyirlər, elə də davranırlar və heç kəs qarşısında cavabdehlik daşımırlar. Onlar demişdilər ki, biz hər hansı sui-istifadənin və yeyinti hallarının qarşısını alacaq, ona yol verməyəcəyik. Lakin sonradan gördük ki, bu cür eyibli işlərə rəvac verən bir neçə şəxsi gətirib vəzifəyə qoydular. Mən xarici işlər nazirinə sual vermişəm ki, Buşehr nüvə stansiyasının tikintisinə nə qədər vəsait xərclənib? Onlar mənim bu sualımı da cavabsız qoydular. İndi də bilinmir ki, neft satışından əldə edilən bu dilsiz dollarların nə qədəri ruslara verilib. Parlament deputatları valyuta fondunda saxlanan vəsaitin həcmindən xəbərsizdirlər. Onların verdiyi rəqəmlər statistikanın göstərdiyi rəqəmlərlə üst-üstə düşmür. Belə vəziyyətdə mühafizəkar deputatların əksəri parlamentin rəyasət heyətində olan bir neçə nəfərin tabeliyindədir. Onların arasında hökm edən və tabe olan münasibətlər var. Onlar həmin bir neçə nəfərin əmri ilə oturub-dururlar».
Kaynak : Media forum
Mətbuat bildirgəsi (buraxılışı)
Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi
Son Durum 1
Cənab Abbas Leysanlı, Güney Azərbaycanın milli hərəkətinin körkəmli fəalı, İran yetgililəri tərəfindən öz-xoşuna (arbitrar) sürgünlüyə məruz qalmışdır. Bəlli olası, onu mərkəzi İranda Yəzd həbsxanasına aparmışlar ki, ora cənab Leysanlının Güney Azərbaycanda olan ana şəhəri Ərdəbildən olduqca iraqdır. O Ərdəbilin yaxınlığında olan Əhər şəhərində 12 aylıq dustaqlıq hökmünə məruz idi.
Güvənli qaynaqlarımızın təsdiqləmələrinə görə, o həbsxanadan köçürülmə üçün zorakılığa məruz qalmış və vücuduna sillə və təpik qıyılmışdır. Köçürülən anlarda onun əl və ayaqları qandallanmış idi.
Onun həyat yoldaşı, xanım Ruqəyyə Leysanlı, ortada gedən hadisələrə görə dərindən nigaranlığını bildirib və dedi: “onu Yəzdə köçürmək aydın-aşkara qeyri-qanuni bir əməldir.”
O belə deyir: “İran yetgililərinin gümanına görə, bu köçürmə cənab Leysanlıya qarşı yürütdükləri öz-xoşuna hərəkətlərin bir-qat daha artmasıdır. İndi görüş üçün Ədəbildən Yəzdə səfər qeydinə qalmışıq ki, yolun uzaqlığı bunu bizə qeyri-mümkün kimi edəcəkdir.
O artırdı: “Abbas elan etmiş ki, haqlarını qorumaq üçün gümanı yalnız aclıq aksiyası aparmağa çatır və bunu da edəcəkdir.”
İndi İran yetgililəri tərəfindən düzülən qarma-qarışıq kələyi Komitəmiz başa düşmək istəyir. Əlimizdə olan səbəblər ucbatından bu qənaətdəyik ki, Təhlükəsizlik nazirliyi cənab Leysanlıya qarşı kəskin kontrol istəyirdi, lakin Ərdəbildə və Əhərdə yerli Azərbaycanlı məmurların itaəti mərkəzi yetgililərə qanıq vermirdi. Buna klassik örnək qamçılama hökmü idi ki, yetgililərin birbaşa buyruqlarından Azərbaycanlı məmurlar boyun qaçırdılar. Beləlik onun üzərinə kəskin kontrol yerləşdirə bilmədilər.
Yetgililər bu köçürməni həyata keçirmək ilə cənab Leysanlıya qarşı neçə zəifliklərini ört-basdır etmək istəyirlər. Birinci növbədə, onlar ümid edirlər ki, bilgi süzdürən deşikləri tutsunlar. O Yəzdə aşırı təhlükəli fərdlər yanında saxlanacaq; Yəz həbsxana məmurlarına buyruq verilib ki, yetgililərin əmrlərinə bilmərrə itaət etsinlər.
Bu gündən etibarən cənab Leysanlının üç gənc yeniyetmə balaları atalarını görmə ne’mətindən məhrum olacaqlar. Eləcə də, ataları kimliksiz fərdlər əllərində sağlamlığının və əmin-amanlığının qeydinə qalacaqdır.
Bizcə cənab Leysanlının can-sağlığı ciddi təhlükədədir. Beynəlxalq icmaya müraciət edərək, cənab Leysanlının haqlarının qorunması üçün harayınızı umuruq.
Müraciətinizə gərəkən bilgi üçün:
Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi
e-post: committee.lisani@gmail.com
Faxtə Zamani (Kanada) + 1 604 677 2524
VƏKİLİN DEDİYİNƏ GÖRƏ, ABBAS LİSANİ YƏZD ZİNDANINDA ACLIQ EDİR
İranın tanınmış azərbaycanlı fəalı Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi jurnalistlərə açıqlamasında müvəkkilinin Əhər zindanından zorla çıxarılaraq Yəzd həbsxanasına göndərilməsinə etiraz olaraq aclıq aksiyasına başladığını deyib.
2006-cı ildən Ərdəbil və Əhər zindanlarında saxlanan A.Lisanini ETTELAAT əməkdaşları martın 4-də Əhər zindanından çıxararaq İranın mərkəzində yerləşən Yəzd həbsxanasına aparıblar.
M.Fəqihi Lisaninin Yəzd zindanına köçürülməsi xəbərini martın 5-də eşitdiyini bildirib: «Məndə olan məlumatlara görə, martın 5-də Abbas Lisani şəxsən ailəsinə zəng edərək artıq Yəzd zindanında saxlandığını deyib».
Vəkil A.Lisaninin aclıq aksyasına Yəzd zindanına çatan kimi başladığını və onun hazırda təkadamlıq kamerada saxlandığını vurğulayıb.
A.Lisani İranda dövlətə qarşı təbliğat aparmaqda, asayişi pozmaqda və insanları buna təhrik etməkdə günahlandırılır.
ƏRDƏBİLLİ FƏALA 11 İL HƏBS CƏZASI VERİLİB
Güney mənbələrinin yaydığı digər bir məlumata görə, Ərdəbil İnqilab Məhkəməsi tanınmış milli fəal Əli Abbasini casusluqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandıraraq ona 11 il həbs cəzası kəsib.
Hazırda Ərdəbil Mərkəzi Zindanının 7-ci korpusunda saxlandığı bildirilən Ə.Abbasini ötən il ETTELAAT əməkdaşları tutaraq 38 gün müddətində ən ağır işgəncələrə məruz qoymuşdular.
Media Forum
AZƏRBAYCANLI HÜQUQ MÜDAFİƏÇİSİ, ÖYRƏNCİ VƏ JURNALİST RİZA DAĞİSTANİ HAQQINDA ULUSLAR ARASI ƏFV TEŞKİLATININ BƏYANATI
PUBLIC AI Index: MDE 13/040/2008
6 Mart 2008
İşgəncə ehtimalı
Riza Dağistani, 27, Azərbaycan hüquq müdafiəçisi, Öyrənci, Jurnalist
Azərbaycanlı hüquq müdafiəçisi Riza Dağistani, 2008 fevralın 21-də Urmiyə'dəki evində tutulub. Onun evi axtarılıb və bilgisayar, CD'lər, yazılar və kitablarını, nəşriyesinin çap materialları ilə birlikdə müsadire edibler. Onun ıÜüişgəncə təhlükəsi altında olduğu bildirilir.
O həbs edildikdən bir gün sonra evlərinə telfon açaraq, Urmiyə'də İttilaat (təhlükesizlik) həbsxanasında saxlanıldığını bildirib. Ehtimalən onu məlumat verməyə məcbur etmək üçün işgəncə ediblər, Buna görə ki təhlükəsizlik quvvələri fevralın 26-da ikinci dəfə olaraq evlerinə gedib və başqa kitab və yazılar tapıblar. Riza Dağistani vəkil ile görüşə bilmir. Onun dindar ailəsinə Riza'nın Peyğəmbərə ihanət etdiyini deyiblər. Bu günahlandırmanın nədəni bəlli deyil, ancaq ailəsi tərəfindən dəstəklənməməsi üçün irəli sürüldüyü muhtəməldir. Uluslar arası əfv təşkilati onun vicdan məhbusu olduğuna və təkcə İran Azərbaycan'lılarının dinc fəaliyetleri üçün həbs edildiyinə inanır.
Onun ailəsi fevralın 25-də onu görməyə çaba göstersəler də, onlara izin verilməyib. Onlara Riza Dağistani'nin 10 mart'a qədər kimsəyle görüşmə haqqı olmadığını bildiriblər.
Riza Dağistani, Azərbaycan Türkcəsi və Farsca'da nəşr edilən Çənlibel öyrənci dərgisinin baş yazarı olub və neçə başqa nəşriyede də yazmışdır. Nəğədə şehrində dəfəlercə Azerbaycan Türkcəsi kurslarını qurmaq və qərbi Azərbaycan əyalətində ana dili münasibəti ilə bağlı dinc etirazlara hazırlanmaq kimi, fəaliyətləri olmuşdur.
O Urmu Azərbaycan Seəsi adında bir seçim kampanya qrupu komitəsinin üyəsi idi və onlar Urmiyə şəhərinden 14 Mart məclis seçimlərinə aday olan neçə şəxsi dəstəkləyirdilər. Bütün bu adayların rədd edildikdən sonra, Urmu Azərbaycan Səsi dəstəklədiyi adayların ədalətsiz və qeyri demokratik rədd edilmələrinə etiraz olaraq açıq müraciət yayınladı. Uluslar arası əfv təşkilatı onun həbsinin bəzi və ya bütün dinc fəaliyətleri ilə əlaqəli olduğuna inanır.
Arxa Plan Bilgilendirmesi:
İran Azərbaycanlıları Türkcə danışırlar və çoxu şiə müsəlmandırlar. Onlar İran'ın ən böyük azlığı və İran'ın quzey və quzey batısı, və başkənd Tehran'da yaşayırlar. İran Azərbaycanlıların çoxu mədəni və dil haqları istəyi ve Azərbaycan Türkcəsində təhsil haqqı bu tələblərin içindədir. İran ana yasasının 15-ci maddəsi Fars dilini rəsmi və idarə dili olaraq qəbul edib, ayrıca başqa dillerin də basın və təlim tərbiyədə azad olduğunu deyir.
Bir kiçik azlıq Azərbaycanın İrandan ayrılıb və Azərbaycan cumhuriyətinə (Quzey Azərbaycan) qovuşmasını istəməkdədirlər. Son illərdə İran höküməti azlıqlara daha çox şübhə ilə baxmaqdadır. Bu azlıqların çoxu sınırlarda yaşayır və İran höküməti onların Amerika və İngilistan kimi yabancı dövlətlər tərəfindən təhrik olduqlarını iddia edir. Öz dil və kültür haqlarını müdafiə edən Azərbaycanlılar sürəkli milli güvənlik əleyhinə fəlaiyət və ya Pan Türkizm kimi ittihamlarla günahlandırılırlar.
ABŞ Dövlət Departamenti oktyabrdan İran ərazisinə Azərbaycan dilində radioverilişlərin yayımlanması barədə qərar qəbul edib
Bakı. Turan Hüseynova-APA. ABŞ hökuməti İran ərazisində Azərbaycan dilində radioverilişlər yayımlamağa hazırlaşır. APA-nın “Eurasia Net” saytına istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin maliyyələşdirəcəyi bu proqramların yayımına 2008-ci ilin oktyabrından start veriləcək.
“Azadlıq” radiosunun proqram direktoru Cef Trimbl bildirib ki, onlar İranda yaşayan azərbaycanlılar üçün onların doğma dilində gün ərzində iki saat veriliş yayımlamağı düşünürlər. Bu verilişlərin əsas qayəsini İranı və bu ölkədə yaşayan azərbaycanlıları narahat edən mövzular təşkil edəcək. İran əhalisinin dörddə bir hissəsini azərbaycanlıların təşkil etdiyini deyən Trimbl bildirib ki, aparılan təhqiqatlar azərbaycanlıların öz doğma dillərində verilişlərə qulaq asmaq istədiyini göstərir.
Hüquq müdafiəçisi sürgün edilib
Əbülfəzl Paşaoğlu .Cümə axşamı, 6 mart 2008 .Azadlıq Radiosu
Martın 4-də tanınmış Azərbaycan fəalı, Abbas Lisani Əhər zindanından İranın mərkəzində yerləşən Yəzd vilayətindəki sürgün düşərgəsinə aparılıb.
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə Zamani cənab Lisaninin qeyri-qanuni şəkildə sürgün edildiyini bildirir.
Bundan əvvəl də insan haqları təşkilatları, o cümlədən də «Amnesty International» milli və mədəni fəaliyyətlərinə görə azadlıqdan məhrum edilən fəalın həbsinə etiraz etmişdilər.
Xanım Zamanının fəalın ailəsindən aldığı məlumata görə, qeyri-qanuni şəkildə həbs və sürgün edilməsinə etiraz edən A.Lisani bir daha aclıq aksiyasına başlayıb.
«Media forum» saytı isə bildirir ki, Abbas Lisaninin Yəzd zindanına köçürülməsi xəbərini eşidən şəhər əhalisi və milli fəallar Əhər zindanının qarşısında toplaşaraq etirazlarını bildiriblər.
Eyni zamanda bildirilir ki, Əhər İnqilab Məhkəməsi Murtuza Məhəmmədi və Cavad Həsənpur adında iki fəalı hökumətə qarşı təbliğat aparmaqda, asayişi pozmaqda və qanunsuz mitinqlərə qatılmaqda günahlandıraraq həbsə məhkum edib. M.Məhəmmədi 10 ay, C.Həsənpur isə 11 ay azadlıqdan məhrum edilib.
Behruz Səfəri və Leyla Heydəri vəsiqə qoyarağ özgür buraxılıblar
Aldığımız xəbərlər əsasında, xanım Leyla Heydəri və yoldaşi Behruz Səfəri hərəsi 80 Milion tümən (85.875 Dollar) vəsiqə qoyaraq hələlik zindandan buraxılıblar.
Bu iki Azərbaycanli fəaal aylarıdır ki İran Ettelati terefinden tutulub və muhakimə olmadan zindanda saxlanılıblar. Bu iki genc aylarca təık başına kameralarda ruuhi vı cismi işkəncələrə məruz qalıblar.
Bi iki gencin durumundan əndişə eədən Uluslararasi Bağış Hörgütü bəyanat verərək onların bir an əvvəl özgür buraxılmaların istəmişdi.
SƏİD MƏTİNPUR və DİGƏR İKİ TANINMIŞ MİLLİ FƏAL AZADLIĞA BURAXILIB
Fevralın 27-də aylardan bəri Tehranın Evin həbsxanasında saxlanan üç məşhur Güney Azərbaycan milli fəalı - Səid Mətinpur, Cəlil Qənilu, Əlirza Mətinpur ağır mülk girovu müqabilində azadlığa buraxılıb. «Media forum» saytı güney mənbələrinə istinadla xəbər verir ki, S.Mətinpur 500 milyon tümən (1000 tümən – 1 dollar), C.Qənilu 80 milyon tümən, Ə.Mətinpur 100 milyon tümən həcmində mülk girovu qoyublar.
Məlumatda bildirilir ki, məhbusları qarşılamağa gələn milli fəalların coşğusuna yol verməmək üçün onları əsas qapıdan yox, gizli bir qapıdan çıxararaq şəhər küçələrinin birində maşından düşürüblər.
Ötən ilin iyun və avqust aylarında ETTELAAT-ın Zəncanda həbs etdiyi milli fəalların heç birinə indiyədək vəkilləri ilə görüş icazəsi verilməmişdi.
21 Fevral Ana Dili günü güney Azerbaycan'da baş veren olaylar
ASMEK sözçüsü Elirza Quluncu'nun Amerika Sesi'nin (VOA) Azerbaycan bölümü ile müsahibesini buradan dinleyin.
Abbas Lisani ağır şəraitdə saxlanılır
Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri Abbas Lisani hələ də həbsdədir. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "OLAYLAR"a daxil olan məlumata görə, Abbas bəyin saxlanma şəraiti ağırdır. Onun Əhər həbsxanasında qeyri-insani şəraitdə saxlandığı bildirilir. Beləki onu yoluxucu xəstəliyi olan məhbuslarla bir kamerada saxlayırlar. Yaxın günlərdə onun Yəzd şəhər həbsxanasına keçiriləcəyi söylənilir. Məhbusun yenidən mühakimə ediləcəyi də gözlənilir.
Ana Dili Günü toplantıları polis hücumu ilə dağıdılıb
Əbülfəzl Paşaoğlu .Cümə, 22 fevral 2008 .Azadlıq Radiosu
İran Azərbaycanından verilən məlumata görə fevralın 21-i Beynəlxalq Ana Dili Günü şəhərlərin çoxunda yarı-hərbi vəziyyət hökm sürüb. Etiraz nümayişlərinin qarşısını almaq məqsədilə bəzi meydan və küçələrdə gediş-gəliş yasaq edilib.
Ana dilində tədrisin rəsmiləşməsi tələbilə nümayiş keçirmək istəyən əhali Urmiyənin İmam və Xəyyam xiyabanı, Nəqədənin İmam meydanı, Təbrizin Rasta küçəsi və Zəncanın Səbzə meydanında silahlı dəstələr və polis hücumlarına məruz qalıb.
Son xəbərlərə görə, hadisələrdə insan tələfatı olmayıb. Lakin, həbs edilənlərin dəqiq sayı haqda da məlumat yoxdur.
İranda qeyri-rəsmi şəkildə fəaliyyət göstərən Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) Urmiyə, Nəqədə və Zəncanda 15 fəalın nəzarət altına alındığını bildirib.
«Savalan Səsi» saytı isə fevralın 21-i Təbrizdə aclıq aksiyası keçirən yüzlərlə tələbənin imzasını dərc edib. Onlar bununla məktəblərdə Azərbaycan dilinin tədrisinə mane olan İran hökumətinə etirazlarını bildiriblər.
ANA DİLİ AKSİYALARININ SƏRBƏST KEÇİRİLMƏSİNƏ İMKAN VERİLMƏYİB
21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə İranın azərbaycanlılar yaşayan bir sıra şəhərlərində aksiyalar keçirilib. Hökumətin əvvəlcədən əsas küçə və meydanlara yerləşdirdiyi qüvvələr (polislər, «Sepah», «Bəsic» üzvləri və mülki geyimli ETTELAAT əməkdaşları) bu aksiyaların həm vaxt, həmdə miqyasca genişlənməsinə imkan verməyib.
«Media forum» saytına verilən məlumatlara görə, Təbriz (Rasta məhəlləsində), Urmiya (İmam və Xəyyam küçələrində), Sulduz (İmam dördyolunda), Ərdəbil (Şəriəti meydanında) və Zəncan (Səbzə meydanında) şəhərlərində dəyənək və gözyaşardıcı qazla təchiz edilmiş hökumət qüvvələri aksiyaçıları dağıtmaq üçün tam hazırlıqlı vəziyyətdə olub. Bununla belə sözügedən yerlərdə aksiyalara cəhdlərin göstərildiyi, bəzi yaşayış məntəqələrində aksiyaçılarla hökumət qüvvələri arasında kiçik qarşıdurmaların yarandığı bildirilir.
Urmiya, Sulduz və Zəncan şəhərlərində aksiyaçılardan 15 nəfərinin tutularaq naməlum istiqamətə aparıldığı deyilir.
Tutulanların kimliyi və harada saxlandığı barədə hələlik hər hansı məlumat yoxdur.
TƏBRİZ DİVARLARINDA MİLLİ ŞÜARLAR
21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə bir neçə gündür Təbriz şəhərinin divarlarında Azərbaycan türkcəsində şüarlar yazılır.
«Media forum» saytının məlumatına görə, hökumət qüvvələri hər gün səhər divarlarda, xüsusilə orta məktəb binalarının divarlarında yazılmış şüarları silsə də, sabahısı gün yeni şüarlar yazılır və bunun qarşısını almaq getdikcə çətinləşir.
Şüarlarda əsasən Azərbaycan türkcəsində məktəblərin açılması, azərbaycanlıların ana dilində təhsil almaq hüququnun tanınması tələbi irəli sürülür.
>>>>>>
Ana Dili Günü aksiyaları
Dünən Beynəlxalq Ana Dili Günündə dünyanın bir çox ölkələrində soydaşlarımız kütləvi aksiyalar, mitinqlər və piketlər keçiriblər.
1999-cu ilin noyabr ayında UNESCO-nun Baş konfransının 30-cu sessiyasında təsis edilən, dünyanın dil və mədəniyyət müxtəlifliyinin məhv olmasının qarşısını almaq üçün 2000-ci ilin fevralın 21-dən bəri hər il qeyd edilən bu gün Güney Azərbaycanda xüsusi məna kəsb edir.
Buradakı 30 milyon soydaşımız üçün Beynəlxalq Ana Dili Günü İranda azərbaycan dilində məktəblər, təhsil və tərbiyə müəssisələrinin olmaması, Tehran rejiminin dilimizə qarşı hədsiz basqıları və onun məişətdə ünsiyyət vasitəsi kimi saxlayıb, sonradan ümumiyyətlə, yox etmək cəhdlərinə qarşı müqavimət simvollarından birinə dönüb.
Dünən Güney Azərbaycanın bir çox şəhərlərində Ana Dili Günü ilə bağlı oturaq aksiyalar, yürüşlər, mitinq və toplantılar keçirilib.
Təbriz Universitetinin 34 tələbəsi dünən səhər aclıq aksiyasına başlayıblar. Onlar İran hakimiyyətindən ölkədə Azərbaycan dilinin ikinci dövlət dili elan edilməsini, dilimizdə təhsil və tədrisə başlanmasını, ali məktəblərdə Azərbaycan dili üzrə mütəxəssislərin hazırlanacağı fakultələrin açılmasını, habelə dilimizə qarşı təqiblərə son qoyulmasını tələb edirlər. 400-ə yaxın tələbə dünən universitetlərə getməkdən imtina edərək aksiyalar çıxıblar.
Şəhərin "Bazar qabağı" meydanına yığışan azərbaycanlılar "Ana dilim ölən deyil, farsa dönən deyil!", "Türkün dili bir qala - qoymarıq sakit qala!", "Dilimizi sevirik - bunu belə deyirik!" şüarlarını söyləyiblər.
Urmu şəhərində isə Hüseyn və Ətayi meydanları, habelə İmam küçəsinə toplaşan minlərlə soydaşımız "Var olsun türkün dili!" deyiblər.
Havaların çox soyuq olmasına rəğmən Təbriz və Urmudan savayı Zəncan, Ərdəbil, Xiyav, Sulduz, Qoşaçay, Şəbüstər, Xoy, Qum, Marağa, Sərab, Həmədan, Miyana, Astara və Qəzvində də Ana Dili Günü münasibətilə soydaşlarımız genişmiqyaslı aksiyalar keçiriblər.
Zəncanda 14 tələbə həbs olunub. Ərdəbildə isə "Abbas Lisaniyə dəstək cəmiyyəti" Ana Dili Günü aksiyasına çıxan azərbaycanlılara hazırda həbsdə olan milli fəal A.Lisanının fotolarını paylayıb.
İranın hüquq-mühafizə və xüsusi xidmət orqanları fevralın 16-dan başlayaraq Ana Dili Günü münasibətilə keçiriləcək tədbirlərə hazırlığın qarşısını almaq, bu tədbirlərə yol verməmək məqsədilə milli fəalların evlərinə gedərək onlara sərt xəbərdarlıq etmişdilər.
Xəbərdarlıqlara rəğmən, küçələrə çıxan fəallar arasında 21 nəfər həbs olunub.
Dünən aksiya keçirilən bir çox şəhərlərdə soydaşlarımızın evlərində telefon xətləri bağlı olub. Rəsmi qurumlar bunu "texniki problemlər"lə izah ediblər.//Ekspress
Güney Azərbaycan şəhərlərinə "Sepah" qüvvələri yeridilib
Hər il olduğu kimi bu il də 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində fars-molla rejimi Güney Azərbaycanda sodaşlarımıza qarşı təzyiqləri artırıb. Bir neçə gün əvvəl Urmuda "Ettellat" əməkdaşları 4 fəalın evlərinə basqın edərək onları naməlum istiqamətə aparıb. Ümumiyyətlə, polislər və mülk geyimli "Ettelaat" əməkdaşları Urmunun bütün əsas küçələrinə nəzarəti gücləndirib. Amma təzyiqlərdən qorxmayan milli fəallar şəhərdə və ətraf kəndlərdə əhalini Beynəlxalq Ana Dili Gününü qeyd etməyə çağıran vərəqələr yayıblar.
Srağagün yaydığı bəyanatda Azərbaycan Milli Dirəniş Hərəkatı 21 Fevral Beynəlxalq Ana Dili gününü hər bir azərbaycanlının öz ana dilini müdafiə etməsinin vacib sayıb: "Ötən il Beynəlxalq Ana Dili Günü (2 İsfənəd 1385 - 21 Fevral 2007) yüz minlərlə Azərbaycan türkü fars şovinizminin dil və mədəniyyət üzərində qoyduğu ayrı-seçkiliklərə qarşı böyük və dinc etirazlar bildirdi.
Göytürk
Amma dinc aksiyaya qatılanlar polisin təzyiqinə məruz qalıb və tutulan şəxslər naməlum yerlərə aparılıb. Ötən il Beynəlxalq Ana Dili Günündə həbs olunanlar fiziki və psixoloji təzyiqlərə məruz qalıb, onlardan çoxu böyük girovlar qoyduqdan sonra azadlığa buraxılmışdılar. Ancaq bəzi soydaşlarımız fars şovinizminin göstərişi əsasında pantürkizm, separatçılıqda günahlandırılaraq, uzun müddətli həbsə məhkum olunublar.
Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycanda keçirilən etirazların ilk ildönümündə türk millətinin kimliyini, dilini məhv etməyə, milli-mədəni hüquqlarını tapdalamağa qalxan fars şovinist qüvvələrinə etirəaz etdiyinə görə zindanlarda saxlanılar bütün Azərbaycan milliyyətçi fəallarının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik. Beynəlxalq İnsan Hüquq Təşkilatlarını Azərbaycan milli fəallarının buraxılmasını və fars şovinizminin aparteid siyasətini pisləməyə çağırırıq.
Azərbaycan Milli Dirəniş Təşkilatı 21 Fevral Ana Dili Günündə bütün Azərbaycan millətini farsın şovinizm siyasətinə etiraz etməyə çağırır"
Bu ərəfədə "Ettelaat" əməkdaşları Zəncanda da üç fəalı həbs edib. Onların evlərindəki kompüter, disket, kitab və yazıların da müsadirə olunduğu vurğulanır. Amma təzyiqlərdən çəkinməyən Zəncan fəalları yaydıqları vərəqələrdə əhalini fevralın 21-də saat 16-da şəhərin "Səbzə meydan" parkında toplaşaraq İranda Azərbaycan türklərinə qarşı yürüdülən ayrı-seçkilik siyasətinə etiraz etməyə çağırıblar. Milli fəallar Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən toplantıların uğurlu olacağına inandıqlarını bəyanlayıblar.
Dünən isə Azərbaycanın bir neçə şəhərində tələbələr Təbriz tələbələrinə dəstək məqsədilə bir günlük aclıq aksiyasına başlayıblar. Ərdəbil, Sulduz, Urmu və Zənganda çoxlu tələbə məktəbə getməkdən imtina ediblər. Bu günlərini ana dilinə həsr edərək aclıq aksiyasına başlayıblar. Ərdəbildə Abbas Leysanlı adına Cəmiyyət dünən keçirilən aksiyada hazırda həbsdə olan Leysanlinin fotoşəkillərini yayıblar.
21 Fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində Azərbaycanın bir çox şəhərində rabitə əlaqəsi kəsilib. Təbrizdən gələn xəbərlərə görə, xiyabanlarda polis və "Bəsic" əməkdaşları gəzir və şəhərin mərkəzi parklarında "Sipah" qüvvələrinin avtomobilləri dayanıb. Rəsmi orqanlar bir çoxlu bölgədə İnternet bağlantıları və telefon xətlərinin kəsilməsini "texniki problem" kimi qələmə verib.
Qeyd edək ki, soyuq hava səbəbindən bir neçə bölgədə açıq havada aksiya keçirmək imkanları məhdudlaşıb. Fars hakimiyyəti isə milli fəallara təzyiq göstərərək onları aksiyalara qoşulmağa çağırıblar. Aldığımız məlumata görə, Təbrizdə bir neçə fəalın evinə əməkdaşını göndərən "Ettelaat" idarəsi başqanı onlardan fevralın 21-də evdənçölə çıxmamağı tələb edib.
Bütün hallarda milli fəalların çağırışından narahat olan fars-molla hakimiyyəti Güney Azərbaycan şəhərlərində keçiriləcək aksiyaların qarşısını almaq üçün var gücünü səfərbər edib. Təbriz, Zəngan, Urmu və Ərdəbildə polis və "Ettelaat" gücləri hər yerdə yerləşiblər və İran telekanalları digər millətlərə qarşı mənfi təbliğat aparır.
Məlumatlara görə dünən aksiyaların Təbrizdə "Bazar qabağı", Urmuda "Ətai meydanı", "İmam xiyabanında keçirilməsi nəzərdə tutulurdu. Bundan başqa, Ərdəbil, Zəngan, Qəzvin, Qum, Həmədan, Tehran, Astara, Sulduz, Miyana, Ənzəli, Xoy, Xiyav və bir çoxlu başqa şəhərdə müxtəlif tədbirlər keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, bu günlərdə Stokholmda faaliyət göstərən, Azərbaycan Kültür Dərnəyi "Durna"nın 13-cü illik qurultayı keçirilib. Qurultayda Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat qəbul olunub. Həmin sənəddə deyilir: "Varlığımızın özəyini və ruhunu təşkil edən ana dilimiz Rza xan dövründən bəri İranda yasaqlanıb, assimlyasiya və təhqirəməruz qalıb. Biz uşaqlarımızın, gənclərimizin, tələbələrimizin zor gücüylə, farsca oxuyub - yazmağa və düşünməyə məcbur edilməsini faciə sayırıq. Hazırda Əfqanıstan, İraq, Eritriya, Efiopiya və bir çox iqtisadi və ictimai baxımdan geri qalmış ölkələrdə belə bütün etnik dil və mədəniyyətlərə, tam azadlıq tanınır. Amma özlərini tanrı təmsilçiləri və Əli şiələri kimi təqdim etməyə çalışan iranlı hakimlər isə islamiyyətə, insaniyyətə möhtəşəm xidmətlərdə bulunan Azərbaycan türkcəsini çarmıxa çəkib, əzab altında əritməkdən şeytani həzz duyurlar.
Azərbaycan türkcəsi olan ana dilimizin Güney Azərbaycanda və İranın müxtəlif rayonlarında yerləşən, türk bölgələrində, 6-cı sinfə kimi əsas dil olaraq oxudulub, öyrədilməsin tələb edirik. Güney Azərbaycanda şəhərlər, kəndlər, dağlar, çaylar, tarixi məkanlar, məscidlər, məhəllələr, xiyabanlar, Azərbaycan torpağına aid ad və ünvanların farslaşdırma prosesinin dayandırılmasını tələb edirik. 2008-ci ili Azərbaycan Türk Dili İli kimin elan edilməsini tələb edirik"
Bu günlərdə isə İranda Dil və Mədəniyət Ocağı yaranıb. Ocaqın yaradıcıları Güney Azərbaycanın tanınmış fəallarıdır. Onlardan bir neçəsi əvvəllər fars zindanlarında işgəncəyə məruz qalıblar. Ocağın qurucuları Şəhnaz Qulami, Jila Məhəmmədxani, Şəhin Heydəri və Süməyyə Fəllahian, Mənuçehr Əzizi, Həmid Şafei, Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanli və Əli Rizayidir.
Xatırladaq ki, 4 il öncə ilk "Ana dili" qurultayı keçirən bir sıra Azərbaycanlı fəal, bu qurultayda 3333 nəfərin imzaladığı qətnamənin tələblərini həyata keçirmək üçün birgə işə başlayıblar. Bu müddətdə xeyli iş görülüb, çoxlu bəyanat, açıq məktub yazılıb və qurultay təşkil olunub. İkinci "Ana dili" qurultayı Tehran "Biliyurdunda" keçirilib və orada növbəti qətnamə qəbul olunub. Ana dili və Azərbaycan mədəniyyətinə önəm vermək üçün istəklərdə bulunan qurultay iştirakçıları son günlərdə İran deputatlarına və hakimiyyət nümayəndələrinə açıq məktub yazaraq onları xəbərdar etməyə çalışıblar: "Sabah çox gec ola bilər!"
Yeni yaranmış DMO qurultayların qətnamələrinin yerinə yetirilməsi üçün, habelə milli dil və mədəni varlığımızın qorunması üçün işə başlayıb. Ocaq bildirib ki, milli haqların hamısın almaq bu ocağın gücündə olmayacaq və bununu üçün milli müstəvidə çalışma gərəkdir.
Dünən "Baybak" saytı Güney Azərbaycanın müxtəlif şəhərlərində Beynəlxaq Ana Dili Günündə divarlara yazılmış sözlərin fotoşəkillərini yayıb. Fars rejimi bəzi yazıları pozsa da, "Mən Türkəm", "Boz Qurd", "GünAzTV" və s. sözlər aydın oxunur. (xalqcebhesi)
İran Azərbaycanında təhlükəsizlik tədbirləri gücləndirilib
Əbülfəzl Paşaoğlu -Çərşənbə, 20 fevral 2008 -Azadlıq Radiosu
İranın Azərbaycan şəhərlərində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə etiraz nümayişlərinin keçirilməsi barədə vərəqələr yayılır. Kütləvi aksiyalardan ehtiyatlanan İran rəsmiləri azərbaycanlılarının yaşadıqları yerlərdə polis və silahlı dəstələrin sayını artırıb.
Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və başqa şəhərlərin əsas küçələrində çox sayılı polis və mülki geyimli ETTELAAT əməkdaşlarının toplandığı xəbər verilir. Bununla yanaşı şəhərlərdəki hərbi hissələrə əlavə olaraq silahlı dəstələrin gətirildiyi bildirilir.
«Media forum» və «Urmu News» saytlarının yaydığı məlumata görə bir neçə gün əvvəl Urmiyədə ETTELAAT əməkdaşları 4 fəalın evinə basqın edərək onları həbsə alıblar. Zəncanda isə 3 fəalın nəzarət altına alındığı, evdəki kompüter və şəxsi əşyalarının müsadirə edildiyi bildirilir.
Həmin xəbərləri təsdiq edən «Savalan Səsi» Ərdəbildə hərbi dəstələrin hazırlıq vəziyyətinə gətirildiyini xəbər verir. Həmin mənbəyə əsasən, Ərdəbilin fəal müəllim və tələbələri ETTELAAT idarəsinə çağırılıb. Onlardan tələb edilib ki, fevralın 21-də evdən kənara çıxmasınlar.
Ötən il Ana Dili Günü keçirilən dinc aksiyalarda azı 200 nümayişçi həbs edilmişdi.
İran azərbaycanlıları Ana Dili Günü münasibətilə tədbirlər keçirəcəklər
Bazar, 17 fevral 2008 -Azadlıq Radiosu
İran azərbaycanlıları fevralın 21-i Beynəlxalq Ana Dili Günü münasibətilə bir sıra tədbirlər keçirməyi planlaşdırırlar. Ötən il fevralın 21-də keçirilən aksiyalarda azı 200 nümayişçi həbs edilmişdi. Buna baxmayaraq, İran Azərbaycanının müxtəlif şəhərlərində Beynəlxalq Ana Dili Günü münasibətilə əhalini aksiyalara dəvət edən elanların bu il daha geniş yayıldığı xəbər verilir.
Gizli şəkildə yayılan elan vərəqələri Azərbaycan şəhərlərinin müxtəlif meydanlarında müəyyən saatlarda ana dilində təhsil və dil hüquqlarının təmin edilməsi tələbi ilə nümayiş təşkil ediləcəyini bildirir.
1999-cu ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı - YUNESKO-nun qərarı ilə 2000-ci ildən başlayaraq fevralın 21-i dynyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
2008-ci il BMT-nin Baş Məclisi tərəfindən Ümumdünya Dillər İli elan edilib.
URMİYA və ZƏNCANDA AZƏRBAYCANLILARI BEYNƏLXALQ ANA DİLİ GÜNÜNÜ QEYD ETMƏYƏ ÇAĞIRAN VƏRƏQƏLƏR YAYILIB
URMİYA və ZƏNCANDA AZƏRBAYCANLILARI BEYNƏLXALQ ANA DİLİ GÜNÜNÜ QEYD ETMƏYƏ ÇAĞIRAN VƏRƏQƏLƏR YAYILIB
21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində İranın azərbaycanlılar yaşayan şəhərlərində fəallara qarşı təzyiqlər artıb.
«Media forum» saytı xəbər verir ki, bir neçə gün əvvəl Urmiyada ETTELAAT əməkdaşları 4 fəalı evlərindən tutaraq naməlum istiqamətə aparıb.
Polislərin və mülk geyimli ETTELAAT əməkdaşlarının Urmiya şəhərinin bütün əsas küçələrinə nəzarəti gücləndirdiyi bildirilir. Həmçinin milli fəalların geniş miqyasda şəhərdə və ətraf kəndlərdə əhalini Beynəlxalq Ana Dili Gününü qeyd etməyə çağıran vərəqələr yaydığı deyilir.
Zəncanda da ETTELAAT əməkdaşları üç fəalı həbs edib. Həmin üç nəfərin evlərindəki kompüter, disket, kitab və yazıların da müsadirə olundubu vurğulanır.
Məlumatlara görə, hökumət adamları bəzi milli fəalların evlərinə gedərək fevralın 21-də onlardan evdə oturub çölə çıxmamağı tələb ediblər.
Zəncan fəalları şəhər və kəndlərdə yaydıqları vərəqələrdə əhalini fevralın 21-də saat 16-da şəhərin «Səbzə meydan» parkında toplaşaraq İranda azərbaycanlılara qarşı yürüdülən ayrı-seçkilik siyasətinə etiraz etməyə çağırıblar.

