BMT İranda insan haqlarının vəziyyətindən narahatdır
Azadlıq Radiosu.21.10.2008
Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun İranda insan haqlarının vəziyyətindən narahat olduğunu bildirib. Onun bəyanatında deyilir ki, İranda bahaizm dini azlıq nümayəndələrinin çoxsaylı hüquqları pozulur. Bahailər ədalətsiz məhkəmə qərarları, mülkiyyətlərini məhv edilməsi ilə üzləşir, ali təhsil almalarına imkan verilmir. İranda ən böyük etnik azlıq olan azərbaycanlıların da hüquqları pozulur. Ana dilində təhsil və tarixi-mədəniyyət günlərinin keçirilməsini istəyən azərbaycanlı fəallar həbs edilir, təqiblərə məruz qalır. Beynəlxalq insan hüquqları təşkilatları fəalların həbsini pisləyir və onları vicdan məhbusu elan edib.
İRANDA ÖLÜM HÖKMÜ MƏHDUDLAŞDIRILDI. YENİYETMƏLƏRİ EDAM ETMƏYƏCƏKLƏR
2008-10-17
Oktyabrın 17-də İran baş prokurorunun məhkəmə işlər üzrə müavini Hüseyn Zebhi jurnalistlərə açıqlamasında bundan sonra 18 yaşa çatmamış şəxslərə edam hökmü çıxarılmayacağını deyib. «Media forum» saytının məlumatına görə, o qeyd edib ki, cinayət törətmiş yeniyetmələrə ən ağır cəza ömürlük həbs olacaq.
İranda azyaşlı uşaqların və 18 yaşından əvvəl cinayət törətmiş yeniyetmələrin edama məhkum edilməsi dəfələrlə beynəlxalq insan hüquqları təşkilatlarının etirazına səbəb olub.
İFTAR QONAQLIĞINDA TUTULAN GÜNEYLİ YAZARLAR AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR
Oktyabrın 13-də Tehranın Evin zindanının 209-cu korpusunda saxlanan 5 azərbaycanlı - çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Yaşmaq» jurnalının baş redaktoru Səid Məhəmmədi (Muğanlı), «Varlıq» jurnalının yazarı Həsən Raşedi, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi ailə üzvləri ilə görüşüblər.
«Media forum» saytının məlumatına görə, görüş yarım saat çəkib. Məhbuslar görüşdə zindandakı ağır şəraitdən şikayətləniblər. Fəallar təkadamlıq kameralarda saxlandıqlarını, sutka ərzində dindirildiklərini, müxtəlif təhqir və təzyiqlərə məruz qaldıqlarını deyiblər.
Adı çəkilən fəallar sentyabrın 10-da Tehranın Nəvvab küçəsində bir güneylinin təşkil etdiyi iftar mərasimində tutulublar. Həmin gün 20-yə yaxın fəal saxlanıb. Sonradan onların əksəri tədricən azadlığa buraxılıb.
«Media forum» -2008-10-14
İFTAR QONAQLIĞINDA TUTULANLARDAN BİRİ AZADLIĞA BURAXILIB
«Media forum» saytı xəbər verir ki, oktyabrın 16-da azərbaycanlı fəal və hüquq müdafiəçisi, mühəndis Həsən Rəhimi ayyarım həbsdə saxlandıqdan sonra mülk girovu münabilində azadlığa buraxılıb.
H.Rəhimi sentyabrın 10-da Tehranın Nəvvab küçəsində bir güneylinin təşkil etdiyi iftar mərasimində tutulmuşdu. Həmin gün 20-yə yaxın fəal saxlanmış, sonradan onların əksəri tədricən azadlığa buraxılmışdı.
H.Rəhiminin Tehranın Evin həbsxanasının 209-cu korpusunda müxtəlif fiziki və psixi təzyiqlərə məruz qaldığı bildirilir.
Sentyabrın 10-dakı iftar mərasimində tutulanlardan dörd nəfəri hələ həbsdədir.
HƏMƏDANDA AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AKSİYASI KEÇİRİLİB
Həmədanın Əbu Əli ibn Sina Universitetinin azərbaycanlı tələbələri oktyabrın 15-də milli fəalların həbslərini pisləyən aksiya keçirib. Onlar güneyli fəallara qarşı hökumət təzyiqinə son qoyulması, həbsdə saxlanan fəalların dərhal azadlığa buraxılması və ölkədə azərbaycanlıların ana dilində təhsil almaq hüququnun tanınmasını tələb ediblər.
«Media forum» saytı xəbər verir ki, 1 saat davam edən aksiyada tələbələr əllərində yazılı plakatlar gəzdirərək ölkədə yaşayan azərbaycanlıların mədəni, siyasi və sosial hüquqlarına riayət edilməsi tələbi irəli sürblər. Plakatlarda «Ana dilində təhsil» «Məhbus tələbələrə azadlıq», «Ölkədə insan hüquqları nə vaxta qədər pozulacaq?» və başqa şüarlar əksini tapıb.
Xəbərdə o da vurğulanır ki, mülki geyimli ETTELAAT əməkdaşları aksiyanı dayandırmağa cəhd göstərsələr də, tələbələr geri çəkilməyib.
Əkbər Azad : “Məni günahsız yerə həbs etdilər...”
By Ələkbər Raufoğlu .Vaşinqton.voanews azerbaijani - 14/10/2008
Irandakı Azərbaycan türklərinin tanınmış fəallarından biri Əkbər Azad ötən ay ölkənin paytaxtında bir iftar mərasimində hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Ə.Azad vaxtı ilə Tehranda Azərbaycan türkcəsində çıxan «Varlıq» jurnalının redaksiya heyətinin üzü olub. 2004-cü ildə Babək qalasına yürüşdən sonra 67 gün Təbriz zindanında və Tehranın məşhur Evin həbsxanasında təkadamlıq kamerada saxlanmışdı. Ötən ay isə Ə.Azadla birlikdə daha 10-12 azərbaycanlı həbs olunub. Bu günlərdə məhkəmə tərəfindən zaminə buraxılmış Ə.Azad başına gələnləri "Amerikanın səsi"nın əməkdaşı Ələkbər Raufoğluna nəql edib. Müsahibəni təqdim edirik:
Sual: Sizi nə üçün həbs etmişdilər?
Cavab: Bizi Ramazan ayında həbs etdilər. Dostlar ailələri ilə birlikdə bizi öz evlərində iftar qonaqlığına dəvət etmişdilər. Amma mərasim başlamamışdan əvvəl mühafizə qüvvələri evə soxularaq, heç yemək yeməyimizə də imkan vermədən bizi yaxaladılar. Ac halda getdik həbsə. İndi hadisənin üzərindən 34 gün keçir. Mən özüm 23-24 gün dustaqda qaldım. Bir nəfərlik kamerada saxlanılırdım. Bizə qarşı müxtəlif ittihamlar irəli sürürdülər ki, guya Azərbaycanı İrandan ayırmaq istəyirik. Amma qətiyyəylə deyirəm ki, dostlarımızın heç birində nəinki belə bir plan, heç belə təfəkkür də yoxdur. Ola bilər, onların hamısı sadəcə Azərbaycan fəallarıdırlar. Və bir sıra bəşəri insani haqlar var ki, hamı kimi biz də onları mütaliə edirik. Amma burada bir qəbahət yoxdur axi. Biz də hamı kimi bütün dünyəvi haqlara hörmət bəsləyirik. İstəyirik ki, uşaqlarımız öz ana dillərində təhsil alsınlar, öz ərazimizdə iş olsun. İndi İranın harasına əlini uzatsan, orada azərbaycanlılar işləyirlər. Öz evlərinin yanında, öz rayonlarında iş olmadığına görə, vətənlərində didərgin yaşayırlar. Əsas məsələ budur. Amma bu düçüncə tərzi bizim həbsimiz üçün səbəb olmamalı idi. Axı biz orada heç nə etmirdik, iftara toplaşmışdıq. Orada da heç nədən danışılmırdı. Lap tutaq ki, bir söz danışılsa belə, axı bu adi söz idi. Axı ortada heç bir plan da yox idi. Ancaq nədənsə bizi bu vəziyyətdə yaxaladılar və dostların hamısı da həbs müddətində müxtəlif xəstəliklərə düçar qaldılar. Mədə, ürək xəstəlikləri və sair…
Sual: Sizi həbs edənlər kimlər idi: polis, yoxsa kəşfiyyat işçiləri? Nəyə görə məhz sizin toplaşdığınız mənzilə gəlmişdilər?
Cavab: Onlar Təhlükəsizlik Nazirliyinin işçiləri idi - ETTELAAT-dan gəlmişdilər.
Sual: Bəs necə oldu ki sizi azad etdilər? Sizə qarşı irəli sürülən ittihamlar təsdiqlənmədi, yoxsa istintaq hələ də davam edir?
Cavab: Hələ istintaq davam edir. Bizi ittiham edirdilər ki, guya təhlükəsizliyi pozmuşuq. İndi də bizi zaminə buraxıblar. Birinci növbədə konkret adamlar bizə zamin durdu. Amma sona dedilər ki, vəsiqə gətirin. "Vəsiqə" deyəndə burada ya adambaşına müəyyən məbləğdə pul, ya da dəyəri İran pulu ilə 50 milyon olan mənzil sənədi nəzərdə tutulur. Bu isə bizdə yoxdur. Ona görə də təxminən sabah - birisi gün hər şey məlim olacaq. Bəlkə yenidən həbsə saldılar bizi.
Sual: Hazırda neçə nəfər yoldaşınız həbsdədir?
Cavab: Bu günə qədər həbsdəki yoldaşlarımızı üç mərhələdə azadlığa buraxıblar. Əvvəlcə qadınlarla uşaqları azad etdilər. Sonra daha üç dostumuzu buraxdılar. Üçüncü mərhələdə məni və digər 3 nəfəri buraxdılar. Hazırda isə daha 5 nəfər həbsdə qalır. Onların arasında mühəndis Həsən Raşidi olduqca ağır vəziyyətdədir. Onun həm ürək xəstəliyi var, həm də astmaya tutulub. Bu yaxınlarda bağlanmış "Dilmanc" jurnalının Əlirza Sərrafi də hələ həbsdədir. Ondan əlavə Səid Muğanlı, Həsən Rəhimli Bayat və Mehdi Nəimi da həbsdədirlər. Mehdi tələbədir və Azərbaycan mədəni mərasimlərində gözəl aparıcılıq edir. Mən bir məsələni vurğulamaq istəyirəm ki, bizim bütün dostlarımız hamısı sülhsevən dinc insanlardırlar. Onlar sadəcə hamı kimi, öz haqlarının qayğısını çəkirlər. İranda 30 milyon Azərbaycan türkü yaşayır. Öz ana dilimizdə danışmaq və öz mədəniyyətimiz altında yaşamaq bizim əsas haqqımıqdır. Amma bu məsələ bu günün məsələsi deyil. Ona görə də bizi əsassız yerə həbs etdilər. İran azərbaycasnlılarının haqları 100 ildir ki tapdanır, özləri isə döyülürlər. Hələ də bu davam edir…
Sual: Həbsxanada sizinlə necə davranılırdı?
Cavab: Bizim hamımızı tək-tək 6-7 metrlik kameralarda saxlayırdılar. Demək olar ki, hamımızı 10-12 dəfə istintaqa çağırıblar. Mənim özümü 11 dəfə istintaq etdilər. Və bir sıra ittihamlar irəli sürdülər. Deyirdilər ki guya təhlükəsizliyi pozmuşuq. Daha sonra 10-15 il bundan qabaqkı hansısa hadisədən bəhs etdilər ki, belə bir şey də bizim yadımıza düşmürdü. Bizə daha çox psixoloji təzyiq edirdilər. Arada dostların ikisini sıxma-boğmaya salırdılar. Amma döymə yox idi.
Sual: Daha əvvəl İranda belə bir hal olubmu ki, iftar mərasimində, yaxud da adi bir qonaqlıqda toplaşanlar həbs edilsin? Yəni bu ölkədə yığıncaqlarla bağlı hansısa qadağa varmı?
Cavab: Bu gün İran Azərbaycanında vəziyyət belədir ki, ictimai təşkilatların hamısı bağlanıb. Biz isə çoxdan idi ki, qeyri-siyasi bir təşkilat yaratmağı arzu edirdik. 9-10 ay öncə bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Açmaq istədiyimiz qeyri-hökümət təşkilatının adını da artıq müəyyənləşdirmişdik. Dil və mədəniyyət ocağı – yəni qısaca olaraq DEMO. Bu, 9 ayda ərzində bizə heç bir cavab verilmədi. Amma görünür, günahlarımızın biri budur ki, biz belə bir təşkilat yaratmaq istəmişik. Mən onun təsisçilərindən biri olmalı idim. Digər həmtəsisçi isə Həsən Raşidi olmalı idi ki, o da indi həbsdədir. Dünən ailəsi ona həbsxanada baş çəkib. Deyilənə görə, vəziyyəti ağırdır, danışa bilmir. Amma yenə də deyirəm ki, bu məsələnin Tehrandakı iftar qonaqlığı ilə heç bir əlaqəsi yox idi. Əgər bizim bir yerə toplaşmağımızı istəmirdilərsə, gəlib qapının ağzında deyərdilər ki, bura yığışmayın, qonaqlıq olmasın. Daha belə bir hadisəni gərək yaratmayaydılar...
“İran öz konstitusiyasına hörmət etməlidir”
13/10/2008
İrandakı insan haqlarının müdafiə qruplarının məlumatına görə, iyul ayından bəri ölkədə ən azı 8 fəal həbs edilib.İranda Azərbaycan Siyasi Məhbusların Müdafiəsi Cəmiyyətinin - ADAPP direktoru Faxtə Zamani deyir ki, həbs olunanlar universitet tələbələri Məqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Məcid Makuli, Səccad Radmehr, Fəraz Zehtab və Dariuş Hatəmidir. Onlar iyul və avqust aylarında keçirilmiş bir sıra reydlər zamanı tutulublar.
Həbs olunanlara qarşı hər-hansı rəsmi ittiham irəli sürülməsə də, insan haqları müdafiəçiləri onların vicdan məhbusu olduqlarını və öz fikirlərini ifadə etdiklərinə görə günahlandırıldığını söyləyirlər.
"Onlar öz mədəni və dil hüquqlarının tanınmasını istəyirlər, bura Azərbaycan tükcəsində təhsil almaq da daxildir. Onlar bu hüquqların konstitusiyada təminat atına alındığını bildirirlər", -deyə Faxtə Zamani vurğulayıb.
İran konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ölkədə rəsmi dövlət dilidir. Regionlarda və tayfaların yaşadıqları bölgələrdə mətbuat fars dilində nəşr olunur, məktəblərdə də tədris fars dilindədir.
İranda azərbaycanlılar sayca ən böyük etnik qrup olmaqla ölkə əhalisinin 25-30 faizini təşkil edirlər. Uzun müddət İran hökumətinin başqa millətlərə qarşı həyata keçirdiyi ayrıseçkilik siyasətinə baxmayaraq, son illərdə ölkənin Azərbaycan əyalətlərində milli oyanış inkişaf edib. Azərbaycan mədəniyyəti, dili və tarixinin öyrənilməsi istiqamətində tələblər artıb.
İran hökuməti həbslərə, hədə-qorxulara və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır.
Birləşmiş Ştatlar İranı konstitusiyasında azlıqların hüquqlarını təminat altına alan 19-cu maddəyə diqqət yetirməyə çağırır. Orada deyilir: "İranda yaşayan bütün xalqlar, etnik qrupu, irgi və dilindən asılı olmayaraq bərabər hüquqa malikdir".
İranda bir qrup Azərbaycan ziyalısı bəyanatla çıxış edib
voanews azerbaijani - 04/10/2008
“Azad Təbriz” xəbər səhifəsinin məlumatına görə, bir qrup ziyalı İranda son hadisələrlə bağlı birgə etiraz bəyanatı ilə çıxış edib. Yüzlərlə azərbaycanlı fəalın imzaladığı açıq məktubda İranda azərbaycanlı tələbələr, jurnalistlər, yazarlar və insan haqları fəallarına qarşı təqiblər pislənilir. “İran News” və “Azərbaycan700” veb səhifələrində yayılan məlumata görə, “Azərbaycan700” ünvanlı birgə bəyanatın müəllifləri, sentyabrın 10-da həbs olunan 9 qələm sahibi, eləcə də təqribən son üç aydır qeyri-müəyyən şəraitdə saxlanılan 8 azərbaycanlı tələbənin azadlığa buraxılmasını tələb edirlər.
Bundan başqa, bəyanatda İranın təhlükəsizlik orqanlarının nəzarətində olan təcridxanalar və həbsxanalarda həyata keçirilən dindirmələr zamanı azərbaycanlı fəalların ağır psixoloji və fiziki işgəncələrə məruz qalması qeyd edilir. Burada Təbriz Ettelaatının təcridxanasında saxlandığı zaman azərbaycanlı hüquqşünas Həmid Valainin vəhşicəsinə döyüldüyü, bir ayağının və bir neçə dişinin sındırıldığı vurğulanır.
700 sözdən ibarət olduğuna görə “Azərbaycan 700” Bəyanatı adlandırılan sənədin müəllifləri həmçinin, Nadir Məhd Qarabağ, Səməd Paşai, Nahid Babazadə, Əmin İmami və başqa bir neçə azərbaycanlı tələbənin siyasi fəaliyyətlərinə görə təhsil almaq kimi fundamental hüquqlarından məhrum edilməsinə kəskin etirazlarını bildirirlər.
Sənəddə “2006-cı il Xurdad-May Qiyamı”nın ildönümü, “Ana Dili Günü”, “Məşrutə İnqilabı”, “Babəkin Doğum Günü” və buna bənzər mərasimlərin keçirilməsinə maneəçilik törədilməsi və ümumiyyətlə İran Azərbaycanında dəhşətli polis rejiminin yaradılmasının yolverilməz olduğu da söylənilir. İran Azərbaycanında qəzetlərin və öyrənci-tələbə jurnallarının qapadılması, ictimai-mədəni birliklər və cəmiyyətlərin fəaliyyətinin yasaqlanması və müstəqil internet səhifələrinin yayımının “filter” edilərək əngəllənməsindən narahatlıq ifadə olunur.
Bəyanata imza atanların fikrincə, 2006-cı ildə Azərbaycan şəhərlərində keçirilən kütləvi etirazlar milli-mədəni tələblərin yalnız bir neçə qrup və ya cəmiyyətin deyil, bütövlükdə Azərbaycan millətinin əsas istəyi olduğunu sübüt edib.
Ən sonda, Azərbaycan ziyalıları və fəalları, ölkədəki mövcud problemin zorakılıqla həllinin mümkünsüzlüyünü açıqlayaraq, Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinin və öz milli hüquqları uğrunda dinc mübarizə aparan azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqların dayandırılmasını tələb edirlər.
Hələ beş fəal Evin zindanındadır
Aygün Muradxanlı .Azadlıq Radiosu.09.10.2008
Sentyabrda Tehranda iftar məclisində həbs edilən əslən İran Azərbaycanından olan 17 nəfərin daha 4-ü – Əkbər Azad, Abbas Nəimi, Səyyad Məhəmmədiyan və Hüseyn Heydəri azadlığa buraxılıb. Onlar bir aya yaxın Evin zindanında saxlanılıblar. İndi Evin zindanında 5 azərbaycanlı fəal qalır.23 yaşlı Mövla Qulu Şəbüstəri Universitetinin kompyuter və çağdaş texnologiyalar fakültəsinin tələbəsidir. Anasının sözlərinə görə, oktyabrın 6-da ETTELAAT-ın nümayəndələri Səmədin yaşadığı evə gəlib axtarış aparıb şəxsi kompüterini, SD-lərini aparıblar:
«Mən dünən rəsmi qurumlara müraciət etdim mənə bildirdilər ki, oğlum xarici dövlətlərdə yaşayanlarla İnternet əlaqəsi saxladığına görə tutulub».
TƏBRİZ, İSFAHAN və TEHRANIN ZƏRGƏR BAZARLARI TƏTİLƏ BAŞLAYIB
2008-10-09
İran hökumətinin vergiləri artırmasına etiraz edən Təbriz, İsfahan və Tehranın zərgərləri tətilə başlayıblar. «Media forum» saytının məlumatına görə, zərgərlər 3 faizlik yeni verginin ləğvini tələb edirlər. Zərgərlər deyirlər ki, vergini ödəməli olsalar, əvəzində malın qiymətini qaldırmaq məcburiyyətində qalacaqlar, bu isə müştərilərin itirilməsinə gətirib çıxaracaq.
Tehranın zərgərlər bazarında işləyən bir zərgər jurnalistlərə açıqlamasında deyib: «Biz illik qazancımızın 25-30 faizini hökumətə vergi veririk. İndi bu 3 faizin artırılması ilə həm satıcıya və həm müştərilərə ikiqat zərər gətirəcək. Bu isə bizim heç birimizin xeyrinə deyil».
Zərgərlər yeni vergi ləğv olunmayana qədər tətili davam etdirəcəklərini bildiriblər.
Son məlumatlara görə, kütləvi tətillərdən ehtiyatlanan hökumət rəsmiləri zərgərlərin nümayəndələri ilə görüşdə hökumətin yeni vergi layihəsini üç ay müddətinə dayandırmağa hazır olduğunu bildiriblər.
TƏBRİZLİ TƏLƏBƏ HƏBS EDİLİB
Güneydən olan gənc fəallardan biri, Şəbüstər Azad Universitetinin 23 yaşlı tələbəsi Səməd Mollaqoli həbs edilib.
«Media forum» saytının məlumatına görə, Təbriz ETTELAAT idarəsinin əməkdaşları oktyabrın 6-da S.Mollaqolinin qaldığı evə gələrək onu tutub aparıblar.
ETTELAAT əməkdaşları evdə geniş yoxlama da aparıblar. Tələbənin kompüteri, kitabları, əlyazmaları və digər vəsaitləri müsadirə olunub.
S.Mollaqoli 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən və qanlı toqquşmalarla nəticələnən etiraz aksiyalarının 2-ci ildönümü ərəfəsində – 2008-ci ilin may ayında da tutulmuş, bir müddət həbsdə saxlandıqdan sonra mülk girovu müqabilində azadlığa buraxılmışdı.
TƏBRİZLİ FƏALA 40 ŞALLAQ ZƏRBƏSİ və 6 AY HƏBS CƏZASI VERİLİB
2008-10-08
Təbrizli milli fəal Əbdülhöccət Tarıverdiyan 40 şallaq zərbəsi və 6 ay həbs cəzasına məhkum edilib.
«Media forum» saytının məlumatına görə, Təbriz bazarında zərgər işləyən 41 yaşlı fəal asayışi pozmaq, qanunsuz aksiya və toplantılarda iştirakda günahlandırılıb. Təbriz İnqilab Məhkəməsi müttəhimin əvvəllər hər hansı cinayət törətmədiyini nəzərə alaraq cəzanı iki il müddətinə şərti kəsib.
Milli fəal iki ildə hər hansı qanunsuz toplantıya qatılsa, hökm dərhal icra olunacaq.
AZƏRBAYCANLI ƏLALLAHILARDAN ÜÇÜ SÜRGÜNƏ MƏHKUM EDİLİB, İKİSİ BARƏDƏ İSƏ EDAM HÖKMÜ QÜVVƏDƏ SAXLANIB
2008-10-06
Urmiya Mərkəzi Zindanında saxlanan, 22 gündür aclıq aksiyası keçirən, Əhli-həqq (Əlallahı, Ələvi) təriqətindən olan beş azərbaycanlı məhbusa hökm oxunub.
«Media forum» saytının məlumatına görə, Urmiya İnqilab Məhkəməsi məhbuslardan Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadəni 13 il müddətinə ölkənin mərkəzi hissəsində yerləşən Yəzd zindanına sürgünə məhkum edib.
Digər iki əlallahı məhbusa - Mehdi Qasımzadə və Yunis Ağayana qarşı bundan əvvəl çıxarılmış hökm (edam hökmü) qüvvədə saxlanıb.
Bu məhbusların hamısı İranın Qərbi Azərbaycan əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndir. Onlar 4 il əvvəl Qoşaçayda hökumətlə Əhli-həqq tərəfdarları arasında baş verən silahlı qarşıdurmada həbs ediliblər. Məhkəmə əvvəlcə onların hamısına qarşı edam hökmü çıxarmışdı.
Məhbuslar bu ilin aprel ayında da zindanda məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçiriblər.
AZƏRBAYCANLI SİYASİ MƏHBUSLARIN URMİYA ZİNDANINDA TƏZYİQLƏRƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR
2008-10-06
Urmiya Mərkəzi Zindanındakı azərbaycanlı siyasi fəalların həbsxananın cinayətkar və xuliqanlar olan korpus və kameralarında müxtəlif təzyiqlər altında saxlandığı barədə məlumatlar yayılıb.
«Media forum» saytı bildirir ki, güney mənbələrinin yaydığı məlumatlarda xüsusilə Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə bir neçə aydır həbsdə olan 23 yaşlı Vahid Bahadurinin ağır psixi və fiziki təzyiqlər altında olduğu, ona öz ailəsi ilə görüşməyə imkan verilmədiyi deyilir.
V.Bahaduri bundan əvvəl də dəfələrlə tutulub həbs edilib.
Siyasi məhbuslar Huşəng Nağızadə və Arif Ulufinin də son günlər Urmiya Mərkəzi Zindanında cinayətkarlar və narkomanların saxlandığı 2-ci korpusa köçürüldüyü bildirilir. Bu fəallar ailə üzvləri ilə görüşdə çox ağır şəraitdə saxlandıqlarını, təzyiq və təhqirlərə məruz qaldıqlarını deyiblər.
Üç il əvvəl Beynəlxalq Ana Dili Günü münasibətilə İranda keçirilən aksiyalarda iştirakına görə həbs edilmiş şair İbrahim Rəşidi də ETTELAAT əməkdaşlarının ağır təzyiqinə məruz qalıb. Məlumatlara görə, həbsxanadakı ETTELAAT əməkdaşları İ.Rəşidiyə bldiriblər ki, bir daha digər məhbuslar arasında Azərbaycan milli hüququndan danışsa və bu barədə təbliğat aparsa, onu karantinə köçürəcəklər.
TƏHSİLDƏN MƏHRUM EDİLMİŞ TƏLƏBƏLƏRİN PARLAMENT QARŞISINDAKI AKSİYASI DAĞIDILIB
2008-10-06
İranın hüquq-mühafizə qüvvələri üç ildir təhsildən məhrum edilmiş tələbələrin parlament qarşısındakı etiraz aksiyasını dağıdıb.
«Media forum» saytı xəbər verir ki, aksiya oktyabrın 5-də keçirilib. Tehranın Baharistan meydanında parlament binası qarşısında toplaşan keçmiş tələbələr təhsil hüquqlarının bərpa olunmasını tələb ediblər. Əllərində üzərində «Bizim günahımız dissident olmağımızdır», «Biz universitetə qayıdacağıq» şüarları yazılan və konstitusiyanın 23-cü maddəsini əks etdirən plakatlar gəzdirən gənclər təhsilə qoyulmuş bütün məhdudiyyətlərin ləğvini istəyiblər. 23-cü maddədə bildirilir ki, heç kəsi əqidəsinə görə ibtidai hüququndan məhrum etmək olmaz.
Məlumatlara görə, dinc aksiya başlayandan 15 dəqiqə keçməmiş polislər dəyənək, təpik və yumruqla aksiyaçıları dağıtmağa başlayıb. Polis həmçinin plakatları aksiyaçıların əllərindən alaraq cirıb və etirazçılardan bir neçəsini saxlayıb.
Tələbələri Təbriz həbsxanasına gətiriblər
Təbriz Ekspress .Azadlıq Radiosu.01.10.2008
İranda həbs olunmuş 8 azərbaycanlı tələbə fəal ETTALAT-ın Təbrizdəki həbsxanasına göndərilib, təkadamlıq kameraya salınıblar. Ailələri ilə görüşlərində bildiriblər onlar həbsxanada işgəncəyə məruz qalırlar. 2008-ci iyul ayından başlayaraq İranda azərbaycanlı tələbə fəalların silsilə həbsləri həyata keçirilib. Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Komitəsinin məlumatına görə, onlar İran konstitusiyasına müvafiq olaraq ana dilində təhsil hüququnun tələb edir, azərbaycanlıların mədəniyyət və tarixi günlərinin keçirilməsini istəyirlər.
Həbs olunanlardan Səyyad Radmehr Təbriz universitetinin mexanika mühəndisliyi fakültəsinin tələbəsidir, onun dostları Feraz Zahtab və Aydın Hajey hüquq fakültəsində oxuyur və İslam Tələbə Assosiasiyasının üzvləridirlər, onların hamısı 2008-ci ilin iyulun 17-də həbs olunub. Bununla yanaşı təhlükəsizlik qüvvələri onların və yaxınlarının evlərində axtarışlar həyata keçiriblər.
Digər tələbə Dariuş Hatəmi isə iyulun 17-də həbs edilib. Avqustun 13-də saxlanılan tələbə fəal Əmir Mərdani tutulduqdan sonra ailəsi ilə telefon danışığında deyib ki, o, təhlükəsizlik orqanları ilə əməkdaşlıq təklifini rədd etdiyi üçün dözülməz işgəncələrə məruz qalıb.
Beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə İrandakı həbsləri pisləyən bəyanatlar verib və hökumətdən fəalları azad etməyə çağırıb.
İFTAR MƏRASİMİNDƏ TUTULAN AZƏRBAYCANLILARLA BAĞLI KAMPANİYA BAŞLAYIB
2008-10-06
«Media forum» saytı xəbər verir ki, sentyabrın 10-da Tehranda iftar mərasimində tutulan azərbaycanlıların azadlığa buraxılması üçün beynəlxalq imzatoplama kampaniyasına başlanıb.
Tehranın Nəvvab küçəsində Səyyad Məhəmmədiyan adlı azərbaycanlının təşkil etdiyi iftar mərasimində 20-dən çox adam tutulmuşdu. Onlardan 9-u (çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarı Əkbər Azad, «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı və başqaları) hazırda həbsdə, Tehranın Evin həbsxanasının 209-cu korpusunda saxlanır.
İmza kampaniyasına aşağıdakı linkin vasitəsilə qoşulmaq olar:
http://www.gopetition.co.uk/petitions/free-imprisoned-iranian-azerbaijani-writers-and-poets/sign.html
TƏBRİZLİ TƏLƏBƏLƏR İŞGƏNCƏLƏRDƏN ŞİKAYƏTLƏNİBLƏR
2008-10-02
İki aydan çoxdur həbsdə olan azərbaycanlı tələbələr - Təbriz Universitetinin tələbələri Aydın Xacei, Fəraz Zehtab, Mənsur Əminiyan, Maqsud Əhdi, Əmir Mərdani və İsfahan Universitetinin tələbəsi Məcid Makui Zad bir neçə gün əvvəl Təbriz Mərkəzi Zindanındakı təkadamlıq kameralara köçürülüblər.
«Media forum» saytının məlumatına görə, Təbriz Universitetinin tələbələri şəhərin mərkəzi zindanına köçürüldükdən sonra valideynlərinin onlarla qısamüddətli görüşünə icazə verilib. Məhbus tələbələrin həmin görüşdə istintaq zamanı psixi və fiziki işgəncələrə məruz qalmalarından şikayətləndikləri bildirilir, eyni zamanda F.Zehtabın mədəsində baş vermiş qanaxmadan əziyyət çəkdiyi, onun təcili müalicəyə ehtiyac duyduğu vurğulanır.
HƏBSDƏKİ GÜNEYLİ FƏALIN SORAĞI ƏRDƏBİL ZİNDANINDAN GƏLDİ
2008-10-02
Güney mənbələrinin yaydığı məlumata görə, bir ay əvvəl ETTELAAT-ın Ərdəbil bölməsi əməkdaşlarının tutduğu fəal Rəhim Hacızadənin sorağı Ərdəbil Mərkəzi Zindanının 7-ci korpusundan gəlib.
«Media forum» saytı xəbər verir ki, R. Hacızadə rejimə qarşı təbliğat aparmaq və millətçiliyi yaymaqda günahlandırılıb. Fəalın hazırkı vəziyyəti barədə hələlik hər hansı bir məlumat yoxdur.
Güneydən gələn xəbərdə o da vurğulanır ki, 17 gün əvvəl Şərqi Azərbaycanda keçirilmiş iqtisadi sərgidə Miyana ETTELAAT-ı əməkdaşlarının tutaraq naməlum istiqamətə apardığı Mehdi Vahidi 10 gün həbsdə saxlandıqdan sonra 5 milyon tümənlik mülk girovu müqabilində azadlığa buraxılıb. Fəala qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat yoxdur.
«Amnesty International» İranı fəalları azad etməyə çağırır
Təbriz Ekspress.Azadlıq Radiosu.23.09.2008
Təşkilatın yaydığı bəyanatda bildirilir ki, bir sıra milli fəallar sentyabrın 10-dan xarici aləmdən təcrid olunublar. Onlar aşağıdakı şəxslərdir: 53 yaşlı mühəndis-inşaatçı, jurnalist Əlirza Sərrafi, yazıçı Əkbər Azad, Azərbaycan türkcəsi müəllimi, mühəndis, yazıçı Həsən Raşidi, şair və jurnalist Səid Muğanlı, mühəndis-inşaatçı, insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat, müəllimlər Hüseyn Heydəri, Abbas Nəimi və «Evrin» dərnəyinin üzvü Mehdi Nəimi Ərdəbili və Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) .
Bəyanatda qeyd olunur ki, «Ettelaat» əməkdaşları heç bir icazə vərəqəsi göstərmədən mənzilə soxulublar və tanınmış fəalları həbs ediblər.
Sənəddə daha sonra vurğulanır: «Biz beynəlxalq insan hüquqları təşkilatı olaraq, rəsmi Tehranın bu hərəkətlərini qınayır və məsələylə bağlı İran hökumətinə öz etirazımızı bildiririk».
«AMNESTY İNTERNATİONAL» AZƏRBAYCANLI FƏALLARIN AZADLIĞA BURAXILMASINI TƏLƏB EDİR
2008-09-24
«Amnesty İnternational» beynəlxalq insan haqları təşkilatı həbsdə saxlanan güneyli fəallarla bağlı bəyanat yayaraq onların ağır psixi və fiziki təzyiq və işgəncələrə məruz qaldığını açıqlayıb.
«Media forum» saytının məlumatına görə, bəyanatda sentyabrın 10-da Tehranda bir güneylinin iftar qonaqlığında tutulan 9 azərbaycanlı yazıçı, şair və jurnalistin (Həsən Raşidi, Əkbər Azad, Əlirza Sərafi, Səid Muğanlı, Həsən Rəhimi Bayat, Hüseyn Heydəri, Abbas Nəimi, Mehdi Nəimi və Səyyad Məhəmmədiyan) hazırda Evin zindanının 209-cu korpusunda təkadamlıq kameralarda, işgəncə altında saxlanmasından narahatlıq vurğulanır.
Bu şəxslərin əqidələrinə görə həbsə salındığı bildirilən bəyanatda həmçinin iki aydan çoxdur həbsdə olan səkkiz azərbaycanlı tələbələr Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Mənsur Əminiyan, Maqsud Əhdi, Əmir Mərdani və Məcid Makui Zadın və gənc fəal Daryuş Hatəminin ailə üzvləri ilə görüşünə icazə verilmədiyi deyilir.
«Amnesty İnternational» həbsdə saxlanan bütün azərbaycanlı fəalların dərhal azadlığa buraxılmasını tələb edir.
AZƏRBAYCANLI UNİVERSİTET MÜƏLLİM və TƏLƏBƏLƏR QURUMU GÜNEYLİ FƏALLARIN HƏBSİNƏ ETİRAZ EDİR
2008-09-24
Sentyabrın 22-də Azərbaycanlı Universitet Müəllim və Tələbələr Qurumu son vaxtlar güneyli fəalların geniş həbsinə etirazını bildirib.
«Media forum» saytının məlumatına görə, qurumun bununla bağlı yaydığı bəyanatda ETTELAAT əməkdaşlarından güneyli fəallara qarşı qanunsuz hərəkətlərə son qoyulması tələb olunur. Bəyanatda deyilir ki, sentyabrın 10-da ETTELAAT əməkdşları bir iftar qonaqlığına gələn və Azərbaycan milli kimliyi, insan hüquqları uğrunda dinc fəaliyyət aparan azərbaycanlıları həbs edərək bilinməz istiqamətə aparıblar. Tutulanların əksərinin yazıçı, şair və hüquq müdafiəçisi olduğunu xatırladan bəyanat müəllifləri vurğulayırlar ki, həmin adamlar yalnız öz qələmi ilə şəxsi görüşlərini ifadə edir və ölkənin qanunlarını pozmurlar: «Onların fəaliyyəti İran İslam Respublikasının da qol çəkdiyi beynəlxalq konvensiyalardakı müddəlara uyğundur».
Azərbaycanlı Universitet Müəllim və Tələbələr Qurumu tutulanların dərhal azadlığa buraxılmasını istəyir.
«SƏRHƏDSİZ REPORTYORLAR» DÖRD AZƏRBAYCANLI JURNALİSTİN HƏBSİNDƏN NARAHATLIĞINI BİLDİRİB
«Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatı Tehranda həbs olunan azərbaycanlı jurnalistlərlə bağlı bəyanat yayıb. «Turan»ın məlumatına görə, sənəddə deyilir ki, sentyabrın 10-da bir iftar mərasimində İran təhlükəsizlik qüvvələrinin həbs etdiyi 20 nəfər arasında 4 jurnalist – «Dilmanc» jurnalının baş yazarı Əlirza Sərrafi, «Ədəbi yaşmaq» dərgisinin baş redaktoru Səid Məhəmmədi, «Yarpaq» və «Varlıq» jurnallarının yazarları Həsən Raşidi və jurnalist Əkbər Azad da var.
Bəyanatda bildirilir ki, məhbusların harada saxlanması barədə rəsmi məlumat verilmir. Yaxınları onların Evin həbsxanasının 209-cu korpusunda saxlanıldığını güman edir.
İKİ AYDAN ÇOXDUR TUTULMUŞ SƏKKİZ AZƏRBAYCANLI MƏHBUS BARƏDƏ ONLARIN AİLƏ ÜZVLƏRİNƏ HEÇ BİR MƏLUMAT V
İKİ AYDAN ÇOXDUR TUTULMUŞ SƏKKİZ AZƏRBAYCANLI MƏHBUS BARƏDƏ ONLARIN AİLƏ ÜZVLƏRİNƏ HEÇ BİR MƏLUMAT VERİLMİR
2008-09-22
İki aydan çoxdur həbsdə olan səkkiz azərbaycanlının - Təbriz Universitetinin tələbələri Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Mənsur Əminiyan, Maqsud Əhdi və Əmir Mərdaninin, İsfahan Universitetinin tələbəsi Məcid Makui Zadın və gənc fəal Daryuş Hatəminin ailə üzvləri bəyan ediblər ki, indiyədək adı çəkilən şəxslərin harda, hansı şəraitdə saxlandığı barədə onlarda heç bir məlumat yoxdur.
«Media forum» saytının məlumatına görə, S.Radmehrin qardaşı Şəhram Radmehr «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında tutulanlara qarşı konkret hansı ittihamın irəli sürülməsindən də xəbərsiz olduqlarını deyib: «Təbriz İnqilab Prokurorluğuna və digər rəsmi orqanlara dəfələrlə müraciət etsək də, ittihamlar barədə bizə heç nə deməyiblər. Biz məhbusların hansı şəraitdə saxlanmasından və onlara qarşı hansı təzyiqlərin tətbiq edilməsindən də xəbərsizik. Bu isə bütün məhbusların valideynlərinin ciddi narahatlığına səbəb olub».
URMİYA ZİNDANINDAKI DÖRD ƏLALLAHINI TƏKADAMLIQ KAMERALARA KÖÇÜRÜBLƏR
2008-09-16
Dörd il əvvəl hökumət qüvvələrinə müqavimətdə günahlandırılaraq həbsə salınan Əhli-həqq (Əlallahı, Ələvi) təriqətinə mənsub 4 məhbus bilinməz səbəblər üzündən sentyabrın 14-də Urmiya Mərkəzi Zindanının təkadamlıq kameralarına köçürülüblər.
«Media forum» saytının məlumatına görə, təkadamlıq kameralara aparılan Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Mehdi Qasımzadə İranın Qərbi Azərbaycan əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndinin sakinləridirlər.
4 il əvvəl Qoşaçayda hökumətlə Əhli-həqq tərəfdarları arasında baş verən silahlı qarşıdurmada həbs ediliblər. Məhkəmədə əvvəlcə onlara edam hökmü çıxarılsa da, sonradan onlardan üçünün hökmü 13 il həbsə dəyişdirilib, yalnız Mehdi Qasımzadəyə çıxarılan hökm qüvvədə saxlanıb. Məhbuslar bu ilin aprel ayında zindanda məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq 25 gün müddətinə aclıq aksiyası keçiriblər.
Əhli-həqq təriqətinə mənsub digər məhbus Yunis Ağayanın da bu dörd məhbusla birlikdə təkadamlıq kameraya köçürüldüyü bildirilir.

