تبليغاتX
Guney Sesi

Həbsxanada fəal qardaşlara daimi işgəncə verilir

Azadlıq Radiosu © Xədicə İsmayılova -17.02.2009

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası Ramin Sadiqinin işgəncə altında olmasından narahatdır. Bunu «Azadlıq» radiosuna təşkilatın rəhbəri Faxtə Zamani bildirib.

Faxtə Zamaninin sözlərinə görə, Ərdəbil həbsxanasında olan digər məhbuslar məlumat verir ki, Ramin Sadiqi və onun qardaşına işgəncə verib, onlardan digər fəalları «ifşa edən» məlumatlar almağa çalışırlar.

Hələ ki, Ramin və Məhəmməd Sadiqiyə qarşı ittiham irəli sürülməyib. Sadiqi qardaşlarının hələ ki, vəkili yoxdur. Onlara ailəsi ilə görüş imkanı da verilməyib.

ETTELAAT-ın Ərdəbil bölməsi əməkdaşlarının azərbaycanlı fəallar Ramin və İbrahim Sadiqi Əsl qardaşlarını fevralın 5-də həbs ediblər. Həmin gün həbs edilmiş üçüncü qardaş - Məhəmməd Sadiqi Əslin durumu barədə məlumat yoxdur.

Həbsxanada qardaşlardan yalançı etiraf almaq üçün onların elektrik cərəyanına verildiyi, döyüldüyü bildirilir. Təzyiqlərə etiraz edən Raminin bir neçə gündür aclıq aksiyasına başladığı da xəbər verilir.

Bu, Ramin Sadiqinin ilk həbsi deyil. Ramin Sadiqi bir il öncə 2007-ci ilin fevralında 21 fevral Ana dili günü ilə bağlı vərəqələr yaydığı üçün də həbs olunmuş, bir aya qədər həbsdə qaldıqdan sonra, azad edilmişdi.

Beynəlxalq Amnistiya 2007-ci ildə Ramin Sadiqinin həbsini siyasi həbs adlandıraraq onun azad olunmasını tələb etmişdi.

yazilib گونئی سسی GuneySesi Mon 16 Feb 2009 saat 15:31 | link |

AZƏRBAYCANLI UNİVERSİTET MÜƏLLİMLƏRİ və TƏLƏBƏLƏRİ QURUMU BƏYANATLA ÇIXIŞ EDİB

2009-02-18

Azərbaycanlı Universitet Müəllimləri və Tələbələr Qurumu bəyanat yayaraq İranda milli fəallara qarşı təzyiqlərə və onların kütləvi həbsinə etiraz bildirib.

«Media forum» saytının məlumatına görə, bəyanatda Azərbaycan dili və mədəniyyəti uğrunda dinc mübarizə aparanlara qarşı təzyiqlərin ölkədəki xalqlar arasında uçurum yaradacağı bildirilir: «Son həftə və aylarda Azərbaycan tələbə fəalları müxtəlif əsassız bəhanələrlə təqib və təzyiqlərə məruz qalır, uzunmüddətli həbslərə məhkum edilirlər. Halbuki bu şəxslər, Azərbaycan türk xalqının ölkə çərçivəsində milli və mədəni hüquqlarının təmin edilməsindən başqa heç nə istəmirlər. Şübhəsiz ki, bu təzyiqlərin davam etdirilməsi, ölkədə etnik qarşıdurmaya və xalqlar arasında uçuruma gətirib çıxaracaq».

Bəyanatda ölkədə ədalətin bərqərar olunmasının bütün vətəndaşların milli və mədəni hüquqlarına hörmətlə yanaşılmasından asılı olduğu vurğulanır: «Biz Azərbaycan türk xalqının siyasi və mədəni hüquqları uğrunda dinc mübarizə aparan fəallara qarşı çıxarılan hökmlərin ləğvini, onlara qarşı təzyiqlərin dayandırlmasını tələb edirik».

«Media forum»
yazilib گونئی سسی GuneySesi Mon 16 Feb 2009 saat 8:1 | link |
Su münaqişəsinə görə 21 nəfərə hökm kəsilib

Azadlıq Radiosu ©
Babək Bəkir - 05.02.2009
 
Quluncuİranın Xaneqahe-Sorx - yəni yerli sakinlərin Qızıl Xənəyə adlandırdığı kənddə baş verən toqquşmada günahlandırılan 21 nəfərə məhkəmə cəzası kəsilib.
 
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin rəhbəri Əlirza Quluncu (Cavanbəxt) «Azadlıq» radiosuna deyir ki, məhkəmənin hökmü ilə 11 nəfərə 3 il, 1 nəfərə 2 il, 3 nəfərə 6 ay 2 gün həbs cəzası verilib. Qalan 6 şəxs isə 2 milyon rial cərimə ediliblər.
 
Günahlandırılan 10-dan çox şəxs həbsdən başqa, 74 şallaq cəzasına da layiq görülüb:
 
- Çox sərt cəzadır. Bunlar həm milli, həm də məzhəb sarıdan azlıqda qaldıqlarından belə təzyiqlərlə üzləşiblər. Hətta ittihamlar düzdürsə belə, bu cəza gözlənilən deyildi.

Əlirza Qulunc deyir ki, Qızıl Xənəyə kənd sakinləri sünnü təriqətinə mənsub azərbaycanlılardır.

Hələ ötən ay bu kəndin sakinləri ilə bir fabrik arasında su üzündən münaqişə yaranmışdı. Kənd sakinlərinin bildirməsinə görə, onların etiraz aksiyası yatırılarkən İran hüquq-mühafizə orqanları odlu silahdan istifadə etmişdi.
 
İki nəfər kənd sakini güllə yarası almışdı. Bu münaqişədən sonra 20-dən çox Qızıl Xənəyə sakini həbs edilsə də, az sonra zaminə buraxılmışdılar.
yazilib گونئی سسی GuneySesi Fri 13 Feb 2009 saat 15:27 | link |

ZİNDANA ATILMIŞ ƏRDƏBİLLİ QARDAŞLARIN İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR

2009-02-16

Fevralın 5-də ETTELAAT-ın Ərdəbil bölməsi əməkdaşlarının həbs etdiyi azərbaycanlı fəallar Ramin və İbrahim Sadiqi Əsl qardaşlarının həbsxanada müxtəlif psixi və fiziki işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb. Həmin gün həbs edilmiş üçüncü qardaş - Məhəmməd Sadiqi Əslin durumu barədə məlumat yoxdur.

«Media forum» saytının məlumatına görə, fəalların ailəsinə yaxın şəxslər güney mənbələrinə ETTELAAT əməkdaşlarının ərdəbilli qardaşlardan yalançı etiraf almaq üçün onları elektrik cərayanına verdiklərini, vəhşicəsinə döydüklərini, yatmağa imkan vermədiklərini, təhqir etdiklərini deyiblər. Məlumatda Raminin təzyiqlərə etiraz əlaməti olaraq bir neçə gündür aclıq aksiyasına başladığı bildirilir.

ETTELAAT əməkdaşları fevralın 5-də Ərdəbil Universitetinin tələbəsi Məhəmməd Sadiqi Əsli iş yerində, İbrahis Sadiqi Əsli isə atasının mənzilində tutublar. İbrahimin yaşadığı mənzildə geniş axtarış aparılıb, kompüter, CD diskləri, Azərbaycan dilində kitab və jurnallar müsadirə edilib. Raminin harada və necə həbs olunduğu bilinmir.

Ərdəbilli qardaşlara qarşı konkret hər hansı rəsmi bir ittihamın irəli sürülmədiyi vurğulanır.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Fri 13 Feb 2009 saat 8:4 | link |

GÜNEYLİ FƏAL 53 MİN DOLLARLIQ GİROV MÜQABİLİNDƏ AZADLIĞA BURAXILIB

2009-02-12

Azərbacan milli kimliyi uğrunda dinc mübarizə apardığı üçün həbs olunmuş Vahid Şıxbəyli 53 min dollar mülk girovu müqabilində sərbəst buraxılıb.

V.Şıxbəylini 2008-ci il dekabrın 24-də yaşadığı evin qarşısında mülki geyimli ETTELAAT əməkdaşları saxlamışdı.

Təbriz Azad Universitetinin məzunu olan V.Şıxbəyli azadlığa buraxılandan sonra bəzi güney mənbələri onun həbs müddətində müxtəlif psixi və fiziki təzyiqlərə məruz qaldığı xəbərini yayıb.

V.Şıxbəyli 4 ay əvvəl də 9 gün həbsdə saxlanmışdı. Həmin vaxt o, azadlığa çıxmış bir neçə azərbaycanlı fəalın qarşılanma mərasimində iştirak etdiyi üçün tutulmuş və 20 min dollarlıq mülk girovu müqabilində azadlığa buraxılmışdı.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Tue 10 Feb 2009 saat 8:8 | link |

MİLLİ ZƏMİNDƏ MÜBARİZƏ APARAN ƏRDƏBİLLİ QARDAŞLAR HƏBS EDİLİB

2009-02-10

ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları milli zəmində dinc mübarizə aparan üç ərdəbilli qadaşı (Məhəmməd Sadıq Əsl, İbrahim Sadıq Əsl, Ramin Sadıq Əsl) həbs edib. Qardaşların harda saxlandığı bilinmir. Həbslər fevralın 5-də həyata keçirilsə də, bu haqda məlumat fevralın 10-da yayılıb.

«Media forum» saytı xəbər verir ki, ETTELAAT əməkdaşları Ərdəbil Universitetinin tələbəsi Məhəmməd Sadıq Əsli iş yerində, İbrahim Sadıq Əsli isə atasının mənzilində tutublar. İbrahimin yaşadığı mənzildə geniş axtarış aparılıb, kompüter, CD diskləri, Azərbaycan dilində kitab və jurnallar müsadirə edilib.

Raminin harda və necə həbs olunduğu bilinmir.

Məlumatlara görə, ərdəbilli qardaşların ailə üzvləri hökumət orqanılarına müraciət etsələr də, tutulanların yeri və onlara qarşı irəli sürülən ittihamlar barədə bilgi ala bilməyiblər.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Sun 8 Feb 2009 saat 8:11 | link |

Bloqa görə həbs

Azadlıq Radiosu © Xədicə İsmayılova - 05.02.2009
 
«Qardaşım heç bir yanlış iş görməyib. Biz buna inanırıq. Qardaşımın inandığı hər məqsədə inanırıq».
 
Təbriz Universitetinin tələbəsi Səccad Radmehrin bacısı İlahə «Azadlıq» radiosuna belə deyir.
 
O, bu müsahibəni verəndə, qardaşının nə üstə həbs olunduğunu belə bilmirdi. İndi Səccad Radmehr və yeddi digər tələbəyə yanvarın 17-də verilən hökm açıqlanıb.
 
Amma hökmü oxuyanlar hələ də gənclərin niyə həbs olunduğuna qanuni izah tapmadıqlarını deyirlər.
 
Vəkil Nağı Mahmudinin sözlərinə görə, tələbələrdən altısına bir il həqiqi, iki il şərti həbs cəzası, üçünə - Daryuş Hatəmi, Mənsur Əminiyan və Maqsud Əhdiyə isə bəraət verilib.
 
Vəkilin sözlərinə görə, yanvarın 17-də verilmiş hökm müdafiəyə rəsmən təqdim olunan kimi, o, Səccad, eləcə də Ehsan Nəcəfi Nəsəb, Fəraz Zehtab, Aydın Xacei, Əmir Mərdani və Məcid Makuinin adından apellyasiya şikayəti verəcək. Çünki ittihamları əsassız sayır.
 
Tələbələri İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda və qanunsuz təşkilat yaratmaqda günahlandırırlar.
 
Bunun sübutu kimi isə onların tələbə vebloqu yaratmaları göstərilir. Yəni internetdə gündəlik sayt yaratmaları. İndi sual ortaya çıxır ki, altı nəfərin yığışıb bir bloqu yazması qanunsuz təşkilat yaratmaq sayılır, ya yox? Nağı Mahmudi deyir ki, yox.
 
Vəkil hesab edir ki, tələbələrin həbsinə səbəb elə həmin bloqlar, daha doğrusu, orada yazılanlardır:
 
«Onlar tələbələrin məsələləri barədə yazılar, tənqidi məqalələr dərc edirdilər».
 
Amma vəkil bunun da günah olduğunu sübut edən bircə qanun tapa bilmir ki, məhkəmə hökmünə haqq qazandırsın.
 
Məhkəmədən fərqli olaraq, tələbələr Azərbaycan dilində məktəblərin açılması tələblərini əks etdirən məqalələrində qanuna istinad ediblər.
 
Nağı Mahmudi: «Onlar 30 il əvvəl İranda yaşayan bütün xalqlara verilmiş ana dilində oxuyub yazmaq, təhsil almaq hüququnun işləməsini istəyirlər».
 
Hüquq müdafiəçiləri deyirlər ki, çox vaxt İranda vəkillər milli hüquqları tələb edənləri müdafiəyə cəsarət etmirlər.
 
Milli fəalları müdafiə etdiyi üçün bir neçə dəfə həbsə düşmüş Saleh Kamraninin acı təcrübəsi, çoxlarını bu işdən çəkindirib.
 
Vəkil Nağı Mahmudi  isə deyir ki, o, hələ ciddi təzyiqlərlə üzləşməyib. Amma bu cür işləri başqa vəkillər götürmədiyindən, onu sona çatdırmağı özünə borc bilir. 
yazilib گونئی سسی GuneySesi Wed 4 Feb 2009 saat 15:21 | link |

ƏRDƏBİLLİ FƏALI OĞURLUQDA GÜNAHLANDIRILAN MƏHBUSLARIN KORPUSUNA SALIBLAR

2009-02-06

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, milli təhlükəsizliyə qarşı çıxmaqda və casusluqda günahlandırılaraq 5 il həbsə məhkum edilən ərdəbilli fəal Əli Abbasini oğurluqda təqsirli bilinən məhbusların korpusuna salıblar.

«Media forum» saytının məlumatına görə, Ərdəbil zindanının ETTELAAT şöbəsi həbsxananın siyasi məhbuslara məxsus 7-ci korpusunda saxlanan Əli Abbasinin yerini dəyişərək onu oğurluqda günahlandırılmış məhbuslar olan 4-cü korpusa aparıblar.

Ailəsiylə telefon danışığında fəal bunu zindan rəsmilərinin psixi təzyiq göstərmək niyyəti ilə əlaqələndirib.

Milli zəmində fəaliyyətlərinə görə 2007-ci ilin oktyabr ayında həbs edilən Ə.Abbasi 38 gün Ərdəbil ETTELAAT idarəsində saxlanıb və vəkilsiz keçirilən məhkəmədə əvvəlcə 11 il həbsə məhkum edilsə də, sonradan apellyasiya məhkəməsində bu müddət 5 ilə endirilib.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Wed 4 Feb 2009 saat 8:14 | link |

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı , Yanvar 2009-ci il

İran'da azərbaycanlı fəallara qarşı təqib və təzyiqlər ötən ay da davam edib. feallar məhkəməyə çıxarılmadan və barələrindəki ittihamlar rəsmi olaraq bildirilmədən həbsdə saxlanılmaqdadırlar. Vəkil tutmaq haqqından məhrum buraxılan və ailələrilə görüş izn verilməyən bu məhbuslar işgəncələrə məruz qalmaq təhlükəsi altındadırlar. Xüsusilə dini azlıqlar ayrı-seçkilik siyasətinin qurbanına çevrilməkdədirlər. Onlar həm etnik kök, həm də dini inanclarından dolayı İran təhlükəsizlik qüvvələrinin ikiqat basqısına məruz qalmaqdadırlar.

Köhnə və yeni həbslər:

2008-ci il noyabrın 13-də Rey şəhərində Iranda Azərbaycan Məşrutə Hərəkatının lideri Səttarxanın anma mərasimində həbs olunan Tehraın Şəhid Rəcayi Universitetinin müəllimi Abdullah Abbasi Cavan hələ də Tehrandakı Evin həbsxanasının “Ettelaat”ın nəzarətində olan 209-cu korpusunda saxlanılmaqdadır.

Ailəsilə görüşməsinə izn verilməyən və vəkil tutmaq haqqından məhrum buraxılan Abdullah Abbasi Cavanın yaxınları onun həbs olunması səbəbini hələ də öyrənə bilmədiklərini bildiriblər. Onun qardaşı Yədullah Abbasi Cavan yanvarın 23-də “Azadlıq” radiosuna açıqlamasında belə deyib: "Mənin qardaşım Səttarxanı məzarı üzərində andığı üçün tutulub. İki aydan artıq təcridxanadadır. Görəsən, bir fatihə oxuduğu üçün insana iki ay həbs cəzası verilirmi? Ana dilində təhsil haqqı istəmək böyük bir günahmı sayılır?" Yədullah Abbasi Cavan qardaşının durumunun yaxşı olmadığını və işgəncə gördüyünü düşündüyünü də qeyd edib.

Qeyd edək ki, Abdullah Abbasi Cavan daha öncə 2007-ci il avqustun 18-də həbs olunub və 130 gün müddətində Tehrandakı Evin həbsxanasının 209-cu korpusunda saxlanılıb. Bu müddət ərzində milli fəal dəfələrlə döyülüb, müxtəlif işgəncələrə məruz qalıb, daha sonra isə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarıyla 5 il müddətinə ertələnmiş 1 il həbs cəzası alıb.

Həmin anma mərasimində həbs olunmuş Ərdəbilin Razi Universitetinin Tələbə Təşkilatının sabiq sədri Hüseyin Hüseyni 2009-cu il yanvarın 20-də 50 min dollar girov müqabilində Evin həbsxanasının 209-cu korpusundan sərbəst buraxılıb. Ona qarşı irəli sürülmüş ittihamlar və məhkəmə tarixi hələ bilinmir. Qeyd edək ki, Abdullah Abbasi Cavanın bacısı oğlu olan Hüseyin Hüseyni 68 gün müddətində təcridxanada saxlanılıb və sərbəst buraxıldıqdan sonra təhlükəsizlik qüvvələrinin şiddətli fiziki və ruhi işgəncələrə məruz qalıb.

Milli fəal 2008-ci ilin iyununda 3 həftə müddətində “Ettelaat”ın Nəqədə (Sulduz) və Ərdəbil şəhər şöbələrində işgəncə olunaraq sorğulanıb, daha sonra isə 10 min dollar girov müqabilində sərbəst buraxılıb.

Bundan əlavə, 2008-ci il dekabrın 26-da həbs olunmuş Təbriz Azad Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi və “Arman” Tələbə Təşkilatının keçmiş üzvü Vahid Şeyxbəyli hələ də Təbriz həbsxanasında saxlanılmaqdadır.

O, 2 dəfə Təbriz İnqilab Məhkəməsinə çağırılmasına baxmayaraq, hələ də həbs olunmasının səbəbi açıqlanmayıb. Hakim Vahid Şeyxbəylinin işinin tamamlanmadığını və araşdırılma mərhələsində olduğunu bildirib. Milli fəalın son məhkəmə prosesi 2009-cu il yanvarın 28-də vəkilsiz və qapalı olaraq keçirilib.

hüquq müdafiəçisi və jurnalist Şahnaz Qulami 69 gün təcridxanada saxlanıldıqdan sonra 2009-cu il yanvarın 17-də 20 min dollar girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Məhkəmə prosesinin keçiriləcəyi tarix hələlik bilinmir. Vəkilinin verdiyi məlumata görə, Şahnaz Qulami "İctimaiyyəti hakimiyyətin əleyhinə qaldırmaq" və "Xalq Mücahidləri Təşkilatıyla əlaqəsi olan xəbər agentliklərinə məlumat ötürmək"də günahlandırılır.

O, “Azerwomen” webblogunun yazarı və İran Qadın Jurnalistlər Birliyinin üzvüdür. Şahnaz Qulami ötən il noyabrın 9-da “Ettelaat” əməkdaşları tərəfindən saxlanılıb və həbs müddətinin uzadılmasına etiraz əlaməti olaraq 8 gün aclıq aksiyası keçirib.

O, 2008-ci ilin avqustunda da "İctimai asayişi pozmaq" ittihamıyla Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 aylıq həbs cəzasına məruz qoyulub. Eni zamanda Şahnaz Qulami 1989-94-cü illərdə siyasi fəaliyyətinə görə 5 il həbs çəkib və 2007-ci ilin avqustunda da bir ay həbs cəzası alıb.

Yeni Həbslər:

30 yaşlı milli fəal Həsən Əsədi, 2009-cu il yanvarın 20-də “Ettelaat” əməkdaşları tərəfindən Təbrizdə saxlanılaraq şəhər həbsxanasına aparılıb. Yetkili qurumlar onun həbs səbəbi barədə heç bir məlumat vermir.

Həsən Əsədi 2008-ci ilin mayında Azərbaycan türklərinin “İran” adlanan qəzetdə yayımlanan təhqir xarakterli karikaturaya etiraz əlaməti olaraq keçirdiyi aksiyaların ikinci ildönümündə həbs olunub. Ona vəkil tutmağa və ailəsilə görüşməyə icazə verilməyib. Həsən Əsədi təcridxanada saxlanıldığı müddətdə ağır işgəncələrə məruz qalıb. Onun dırnağı çəkilib, barmağı qırılıb. İşgəncələrin şiddətindən komaya düşən Həsən Əsədi xəstəxanaya aparılıb. O, 22 gün saxlanıldıqdan sonra girov müqabilində sərbəst buraxılıb.

Həsən Əsədi 2007-ci il fevralın 8-də milli fəal Abbas Lisaninin həbsinə etiraz əlaməti olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub. O, “Ettelaat”ın Ərdəbil şöbəsi və Təbriz həbsxanasında "istiqlalçı təşkilatlara üzvlük" ittihamıyla 4 ay təcridxanada saxlanıldıqdan ve işgəncəyə məruz qaldıqdan sonra 70 min dollar girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Həsən Əsədi 2008-ci ilin fevralında Təbriz İnqilab Məhkəməsi ikinci şöbəsi tərəfindən bir il həbs cəzasına məhkum olunub. Ancaq Apellyasiya Məhkəməsi bu cəzanı 6 aya endirib. O, 6 aylıq həbs cəzasını çəkdikdən sonra dekabrın 17-də Təbriz həbsxanasından sərbəst buraxılıb..
Məhkəmə Çıxarılan fəallar:

2009-cu il yanvarın 17-də Təbriz İnqilab Məhkəməsində 8 azərbaycanlı tələbənin məhkəmə prosesi keçirilib. Təbriz Universitetinin tələbələri Səccad Radmehr, Maqsud Əhdi, Mansur Əminian, Aydın Xacei, Fəraz Zehtab, Əmir Mərdani, Ehsan Nəcəfi, Malik Əştər adına İsfahan Universitetinin Gəmiçilik fakültəsinin tələbəsi Məcid Makuyi və orduda hərbi xidmətdə olan azərbaycanlı zabit Dariyuş Hatəmi "ictimai asayişi pozmaq" və "milli təhlükəsizliyə xələl gətirən qanunsuz təşkilatlar yaratmaq və ya onlara üzv olmaq” ittihamlarıyla məhkəməyə çıxarılıblar. Qapalı olaraq keçirilən prosesə milli fəalların vəkili də qatılıb.

Adıçəkilən tələbələr 2008-ci ilin iyulunda “Ettelaat”ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən həbs olunub və təxminən 3 ay müddətinə qapalı təcridxanada saxlanılıblar. Bu müddət ərzində vəkil tutmağa və ailələrilə görüşə icazə verilməyən tələbələr “Ettelaat”ın istintaq təcridxanasında ağır işgəncələrə məruz qalıblar. Ardınca onların hər biri 20-50 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar və işləri Təbriz İnqilab Məhkəməsinə göndərilib.

Bundan əlavə, 2009-cu il yanvarın 28-də Təbriz İnqilab Məhkəməsi ikinci şöbəsində hüquq müdafiəçisi və yazar Həmid Valayinin ilkin məhkəmə prosesi keçirilib. Onun vəkilinin verdiyi məlumata görə, Valayi "ictimai asayişi pozmaq"da ittiham olunur.
Həmid Valayinin ilkin məhkəmə prosesi 2008-ci il dekabrın 1-də keçirilməliydi. Ancaq onun və vəkilinin məhkəməyə gəlməsinə baxmayaraq, işə baxan hakim prosesi təxirə salıb.

Həmid Valayi 2008-ci il iyulun 15-də Təbrizdə “Ettelaat” əməkdaşları tərəfindən tutulub və 13 gün müddətində təcridxanada ağır fiziki və psixoloji işgəncəyə məruz qalıb. Nəticədə onun dişləri qırılıb, diş əti irinləyib, başında və sağ ayağında qırıqlar olub.

zamanda 2009-cu il yanvarın 29-da Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsində milli fəallar Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Ərdəşir Kərimi və Hüseyn Hüseyninin məhkəmə prosesləri keçirilib.

Onlar “Ettelaat” əməkdaşları tərəfindən tutulub və 20 gün müddətində təcridxanada saxlanılıblar. Bu müddət ərzində vəkil tutmağa və ailələrilə görüşə icazə verilməyən milli fəallara yalan ifadə almaq üçün işgəncə verilib. Daha sonra onlar 30 min dollar girov müqabilində müvəqqəti azadlığa buraxılıblar.

Məhkəmə çağırışları:

2008-ci il avqustun son həftəsində Urmiyada keçirilən beynəlxalq futbol turnirində "ayrı-seçkilik salan şüarlar səsləndirmək" ittihamıyla həbs olunmuş Səid Mahmudi, Yavər Şərifi, Məhəmməd Şərifi və Əli Əkbəri 2009-cu il yanvarın 24-də Urmiya Ümumi Cəza Məhkəməsinin 104-cü şöbəsinə çağırılıblar. Onların günahı “milli təhlükəsizliyə xələl gətirmək”dir.

Eyni turnirdə həbs olunmuş azerkeş Purya Həzrəti Urmiya Ümumi Cəza Məhkəməsinin 104-cü şöbəsinə çıxarılsa da, ancaq hakim Nazri tərəfindən sərbəst buraxılıb. Ötən ilin noyabrında verilmiş bəraət hökmündə həbs səbəbi "istiqlalçı təşkilatların lehinə və milliyyətçi şüarlar səsləndirmək" göstərilib.

Urmiyanın Qızıl Xənəyə kəndində toqquşma:

2009-cu il yanvarın 15-də təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və “Kalaşnikov” avtomatından istifadə edərək Urmiyanın Qızıl Xənəyə kəndində yeraltı su qaynaqlarının sənaye istifadəsi üçün yönəldilməsinə etiraz əlaməti olaraq Urmiya-Salmas magistralını bağlayan yüzlərlə əkinçiyə basqın edib. Təhlükəsizlik qüvvələri kəndlilərin maşınlarının qeydiyyat nömrələrini müsadirə edib.

Barzad Nizami Əfşar, Miğdad Nizami Əfşar, Səid Cəfərpur, Məhəmməd Səmədzadə, Bəhram Quluzadə, Nadəli Quluzadə, Nadəli Əlipur, Merac Əlipur, Heydər Əlipur, Süleyman İbrahimzadə, Nasir Quluzadə, Əkbər Rüstəmi, İsgəndər Aslani, Allahverdi Aslani, Fəraməz Cəfəri, Məhəmməd Cəfəri, Nağı-A və Davud-Ş daxil olmaqla 30-dan çox kəndli həbs olunub.

Nadəli Quluzadə, Nadəli Əlipur, Merac Əlipur, Heydər Əlipur yaralandıqları halda, ilk saatlarda onlar üçün müalicə imkanları yaradılmayıb. Yaralılar 6 saat təcridxanada saxlanıldıqdan sonra ağır qanaxmalarına görə, Urmiyanın İmam Xomeyni xəstəxanasına aparılıblar. Tutulanlar on gün müddətində işgəncə olunmaqla sorgu-suala çəkilib və sonradan girov müqabilində sərbəst buraxılıblar. Ancaq onlar “hökumətə qarşı üsyan” və “dövlət yetkililərinin xəbərdarlığına məhəl qoymamaq”da günahlandırılaraq Urmiyadan 30 km məsafədə yerləşən Nuşinşəhər Məhkəməsində mühakimə olunacaqar.

İran da sünni Azərbaycan türkləri Qərbi Azərbaycan və Ərdəbil əyalətlərind yaşayırlar. Urmiya, Xoy, Salmas və Piranşəhr bölgələrindəki sünni azərbaycanlıların nüfusu 400 mindən artıqdır. Qərbi Azərbaycan əyalətindəki sünni Azərbaycan türklərinin böyük hissəsi 1979-cu il İran İslam İnqilabı dövründə həyatlarına təhlükə olması səbəbilə Türkiyəyə köçüblər. Onların İran da ali təhsil alması çətindir, dini məktəb və qeyri-hökumət təşkilatları qurmaq izni verilmir, dövlət orqanlarında işə almamaq kimi ayrı-seçkiliklərə məruz qalırlar, torpaqları isə dövlət tərəfindən müsadirə olunur. Eyni zamanda onların kəndlərində yeraltı suların istiqaməti dəyişdirilir və bununla da su çatışmazlığına, əkinçilərin iqtisadi çətinliyə düşmələrinə şərait yaradılır.

Qapadılan tələbə dərgiləri:

İran'da Azerbaycanlı azərbaycanlı tələbələrin buraxdığı dərgilərə yönəlik basqının davamı olaraq Yəzd Universitetində türk və fars dillərində yayılan "Xələc" qapadılıb. Bu dərgi Azərbaycan məsələsi və İran da yaşayan türklərlə bağlı nəşr etdirdiyi məqalələrdə milliyyətçilik və pantürkizmi (türkçülük) yaymaq ittihamıyla ali təhsil müəssisəsinin Tələbə Dərgilərinə Nəzarət Komitəsi tərəfindən 2 sayı işıq üzü görəndən sonra dərci dayandırılıb.

Bundan əlavə, yeni təhsil ilində universitetlərin Mədəniyyət Şurasının yetkililəri azərbaycanlı tələbələrin buraxdığı dərgilərini böyük basqıya məruz qoyub. “Ulus”, “Nəsim”, “Araz”, “Özlük”, “Oyanış”, “Səttarxan”, “Kimlik”, “Yoldaş”, “Aydın Gələcək”, “Qıpçaq”, “Yarpaq”, “Telengr”, “Çənlibel”, “Yaşıl Yol”, “Ana Yurd”, “Səhər”, “Açıq Söz”, “Sayan” və “Bulud” keçdiyimiz aylarda qapadılan tələbə dərgilərindən bəziləridir.

yazilib گونئی سسی GuneySesi Tue 3 Feb 2009 saat 16:17 | link |

Beş fəala beş il sürgün və həbs

Azadlıq Radiosu © Xədicə İsmayılova  - 03.02.2009

Fevralın 2-də Ərdəbil İnqilab Məhkəməsi beş gənc fəala hökm oxuyub, hər birinə beş il sürgündə çəkiləcək həbs cəzası kəsib. Rəhim Qulami, Vədud Səadəti, Bəhruz Əlizadə Ərdəşir Kərimi aprel ayında, Hüseyn Hüseyni isə may ayında ana dilində təhsil tələbi ilə vərəqələr yaydıqları üçün həbs olunmuşdular.
 
Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının verdiyi məlumata görə, həbsdə olduqları bir aya yaxın müddət ərzində gənc fəallara qarşı elektrik şoku da daxil olmaqla işgəncə tətbiq olunub. Böyük məbləğdə girov qoyub həbsdən azad olunan gənclər bir neçə ay idi ki hökmü gözləyirdilər.
 
ADAPP sözçüsü Vahid Qarabağlı deyir ki, Hüseyn Hüseyni bundan sonra Səttarxanın anım mərasiminə qatıldığı üçün daha bir dəfə həbs olunmuş, heç bir ittiham irəli sürülmədən Evin həbsxanasında 68 gün təkadamlıq kamerada saxlanmışdı.

Yanvarın 20-də həbsdən azadlığa çıxmış Hüseyni Ərdəbilə yenicə qayıtmışdı ki, həbs haqqında hökmü oxundu: «Həsənzadə soyadlı hakimin verdiyi hökmə görə, gənclər Ərdəbil şəhərində iğtişaşlara səbəb olduqları üçün həbslərini sürgündə çəkməlidirlər. Jurnalist Rəhim Qulami həbsini Həmədan həbsxanasında, tələbələr Hüseyn Hüseyni Kirmanda, Ərdəşir Kərimi Hormuzqan zindanında, mədəni hüquqlar uğrunda mübarizənin fəalları Vədud Səadəti Simnanda, Bəhruz Əlizadə isə Bucurd şəhərində saxlanılacaq»-, deyir Vahid Qarabağlı. Onun sözlərinə görə, adı çəkilən şəhərlərdən Ərdəbilə ən yaxın olanı Həmədandır ki, oraya getmək üçün min kilometrə qədər məsafə qət etmək lazımdır. Hormuzqan şəhəri isə Ərdəbildən 4300 kilometr aralıdır.
 
Vahid Qarabağlının fikrincə, həbs dolayısı ilə gənclərin Ərdəbilin tanınmış hərəkat fəallarından olan, bir müddət əvvəl həbsdən çıxmış Abbas Lisani ilə təmaslarını kəsmək məqsədi daşıyır:

«Hökmə əsasən, gənclər qanunsuz təşkilat yaratmaq və İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda günahlandırılırlar. Maraqlıdır ki, hökmdə Çənlibel təşkilatının adı çəkilir. Halbuki bu adda təşkilat mövcud deyil. Çənlibel Abbas Lisaninin mağazasının adıdır»-, deyir Vahid Qarabağlı 
 
Bir müddət öncə eyni hakim Əsgər Əkbərzadə adlı tələbəyə də sürgün və 5 il həbs cəzası kəsmişdi.
yazilib گونئی سسی GuneySesi Tue 3 Feb 2009 saat 15:16 | link |

TƏBRİZ UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ HÖKUMƏT TƏZYİQLƏRİNƏ QARŞI BƏYANAT YAYIB

2009-02-05

Təbriz Universitetinin bir qrup tələbəsi Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan tələbələrə qarşı təzyiqlərə etiraz bəyanatı qəbul edib.

«Media forum» saytının məlumatına görə, bəyanatda deyilir ki, fəallara qarşı təzyiqlər gündən-günə artır: «İran inqilabının 30-cu ildönümü və Beynəlxalq Ana Dili Günü ərəfəsində hökumətin ölkədə insan hüquqlarına riayət edilməsi istiqamətində apardığı təbliğata baxmayaraq kütləvi həbslər davam edir, Azərbaycan fəallarına təzyiqlər gündən-günə güclənir».

Hökumətin Azərbaycan fəallarına qarşı zorakılığının nəticə verməyəcəyi də vurğulanır: «Biz Təbriz Universitetinin tələbələri olaraq Azəraycan milli kimliyi uğrunda dinc mübarizə aparan tələbələrə qarşı həyata keçirilən kütləvi həbslərə və göstərilən təzyiqlərə etiraz edir, hökumətin bu zorakılığının nəticə verməyəcəyini, yalnız məmləkəti tənəzzülə uğradacağını bildiririk».

«Media forum»
yazilib گونئی سسی GuneySesi Tue 3 Feb 2009 saat 8:17 | link |

İRANDA AZƏRBAYCAN DİLİNDƏ TƏHSİL HÜQUQUNUN TANINMASI ÜÇÜN İMZATOPLAMA KAMPANİYASI BAŞLAYIB

2009-02-02

Ana Diliİranda azərbaycanlıların sıx yaşadığı şəhərlərində yüzərlə fəalın təşəbbüsü ilə Azərbaycan dilində təhsil hüququnun tanınması üçün imzatoplama kampaniyasına başlanıb.

«Media forum» saytının məlumatına görə, kampaniya ilə bağlı yayılan bəyanatda ana dilində təhsil almağın hər kəsin hüququ olduğu vurulanıb. Bəyanatda İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinin ölkədə yaşayan bütün etnosların öz dilində təhsil alması hüququnu tanıdığı qeyd edilib və bu maddənin icra olunmasının vacibliyi bildirilib.

Bəyanat müəllifləri imzatoplama kampaniyasına İnternet vasitəsilə qoşulmaq istəyənlər üçün iki elektron ünvan da göstəriblər:

Ana-dili-camp1@yahoo.com
Ana-dili-camp2@yacoo.com


«Media forum»
yazilib گونئی سسی GuneySesi Sat 31 Jan 2009 saat 8:23 | link |

Susuz qalan sakinlərin etirazı faciə ilə nəticələnib

Azadlıq Radiosu © Babək Bəkir - 27.01.2009

Quluncu- Vurublar, qıçını yerə qoya bilmir. Qoltuq ağacı ilə keçinir. Dizindən vurublar. Hərəkət eləyə bilmir…

İki həftə əvvəl İranın rəsmi adı Xaneqahe-Sorx olan, amma sakinlərinin Qızıl Xənəyə adlandırdığı kəndində polislə toqquşma zamanı yaralanan Nadeli Quluzadənin atası Bəhram Quluzadə belə deyir.

İrandakı agentliklərin yaydığı məlumata görə, həmin toqquşmada 30-a yaxın Qızıl Xənəyə kənd sakini xəsarət alıb. B.Quluzadə deyir ki, üst-üstə elə 30-a yaxın kənd sakini də həbs edilib. Ancaq sonradan onlar zaminə buraxılıblar.

Bəhram Quluzadə deyir ki, toqquşma kənd sakinlərinin bir fabriklə ixtilafından yaranıb. Onun deməsinə görə, fabrikin rəhbərliyi müxtəlif quyular qazdıraraq kəndə məxsus suları çəkib aparır. Susuz qalan kənd sakinlərinin etirazı isə polisin sərt müdaxiləsi ilə nəticələnib:

- Yaralımız çoxdur. Elə iki nəfər güllə yarası alıb. Birinin gözünün yanından vurublar…

Bəhram Quluzadə deyir ki, həmin fabriklə ixtilaflarına bir neçə dəfə məhkəmə də baxıb. Məhkəmə əvvəl onların xeyrinə qərar versə də, sonradan fabrikin tərəfini tutmağa başlayıb.

Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncu isə deyir ki, həmin toqquşmada saxlanan kənd sakinlərinə həbsxanada işgəncə də verilib. Onun sözlərinə görə, indi zaminə buraxılanlar ağır cəza gözləyirlər. O, hətta uzunmüddətli həbs qərarlarını da istisna etmir.

Ə.Quluncu Qızıl Xənəyə kənd sakinlərinin belə müdafiəsiz qalmalarını onların həm milli, həm də dini baxımdan azlıqda olmaları ilə izah edir:

- Bunlar sünni azərbaycanlılardır. Onların ağır cəza alacaqları gözlənilir. Çünki rejimə qarşı üsyanda günahlandırılırlar. Üstəlik, bunlara su və başqa təzyiqlər bundan əvvəl də olub. Onların nə hökumətdə adamları var, nə də qeyri-dövlət təşkilatlarında.

Qızıl Xənəyəli Bəhram Quluzadə isə deyir ki, kənd sakinləri su sarıdan çoxdan əziyyət çəkirlər. Onun sözlərinə görə, hökumət himayəsində olan şirkətlər kəndin suyunu sənaye ehtiyaclarına yönəltdiyindən kənd təsərrüfatı sahələrini suvarmaq çətinləşir.

Əlirza Quluncu isə deyir ki, İran hökumətinin azlıqlar yaşayan ərazilərə qarşı iqtisadi basqıları və xüsusilə də yeraltı suların döndərilməsi siyasəti artıq beynəlxalq təşkilatların da diqqətini cəlb edir. O, bu siyasətin hansı məqsədlə yürüdüldüyünü demədi.

Bəhram Quluzadə isə deyir ki, nə niyyətlə edilir edilsin, kəndləri susuz qalsa da, burda yaşamaqdan başqa çıxış yolları yoxdur:

- Su olmasa hasil olmaz. Əkinlərimizin yarısını sulayırıq, yarısını yox. Hara çıxaq gedək? Şəhərə getsək də, keçinə bilmərik. Bekar adamlarıq…

yazilib گونئی سسی GuneySesi Thu 29 Jan 2009 saat 15:11 | link |

URMİYADA AZƏRBAYCAN BAYRAĞINI QALDIRAN GƏNCLƏR MƏHKƏMƏYƏ ÇAĞIRILIBLAR

2009-01-27

Urmiyeİranın Qərbi Azərbacan əyalətinin mərkəzində - Urmiya şəhərində 2008-ci ilin sentyabrında keçirilmiş futbol turnirində Azərbaycan Respublikasının bayrağını qaldırmış dörd gənc məhkəməyə çağırılıb.

«Media forum» saytının məlumatına görə, Urmiya İnqilab Məhkəməsinə çağırılan gənclərdən biri - Yavər Şərifi orta məktəb şagirdidir. Digər şəxslər Səid Mahmudi, Məhəmməd Şərifi və Əli Əkbəridir.

Yarışda Azərbaycan Respublikasından, Türkiyə, İraq və İrandan futbol komandaları iştirak edib. Məhkəməyə çağırılan urmiyalılar yarışlarda Azərbaycan Respublikasının komandasına dəstək verərək Azərbaycanın üçrəngli dövlət bayrağını qaldırıblar, eyni zamanda Güney Azərbaycan türklərinin milli hüquqları ilə bağlı şüarlar səsləndiriblər. Həmin vaxt Y.Şərifi, S.Mahmudi, M.Şərifi və Ə.Əkbəri tutulsalar da, sonradan müvəqqəti azadlığa buraxılmışdılar.

Urmiyalı fəalların separatizmə dəstək verməkdə günahlandırıldığı bildirilir.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Thu 29 Jan 2009 saat 8:20 | link |
 
offshore