تبليغاتX
Guney Sesi

«Onlar islam adı ilə bizə farsçılığı təlqin edirlər»

Azadlıq Radiosu © Xədicə İsmayılova - 08.03.2009

İran azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi barəsində çıxarılan məhkəmə qərarından apellyasiya (təcridi-nəzər) şikayəti verib. Amma bildirir ki, İran məhkəməsi bunu nəzərə almayacaq və onun həbsi qaçılmazdır. Vədud Əsədi həbsindən əvvəl «Azadlıq» radiosuna müsahibə verib.

-Vədud bəy, artıq sizə hökm oxunub?

-10 gün olar hökm kəsilib. Bir il azadlıqdan məhrum ediblər. Rəşt məhkəməsi iddia edir ki, mən sistemin əleyhinə çıxmışam. Guya mən demişəm ki, bu fars nizamıdır, islam nizamı deyil. Bu faşist və zalım nizamdır. İki dostlarım, iki qardaş Hüseyn və Mvsüm Rəhimini də tutublar. Hüseynə 6 ay həbs kəsiblər, balaca qardaşının isə hökmü bəlli deyil.

-Bəs onları nəyə görə həbs ediblər?

- Eyni ittihamlar əsasında. Amma biz həmişə İslama baş əymişik. İranın yarısı türkdür. Amma onlar islam adı ilə farsçılığı bizə təlqin edirlər. Biz öz ana dilimizdə məktəbdən, yazı-pozmaqdan məhrumuq. Dünyada isə fars dilini və mədəniyyətini başqa xalqlar arasında təbliğ etmək, öyrətmək üçün yüzdən çox məktəb yaradıblar. Ya da ki, Çin kitabxanalarına İranın yalançı və qondarma tarixini yazıb hədiyyə verirlər. Həmin tarix kitablarında isə türklər vəhşi, geri qalmış millət kimi göstərilir. Biz yetişən yeni nəsil isə bunu qəbul edə bilmərik.

Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər

30 il əvvəl İslam inqilabında Təbriz və digər şəhərlərimiz qalxıb şahı pəhləvi rejimini yıxdıq ki, islam bayrağı altında, qardaşlıq prinsipi ilə millətimiz inkişaf edəcək. Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər. Mənə deyirlər ki, sistemə qarşı çıxmışam, halbuki mən ancaq milli hüququmu tələb eləmişəm. Əgər milli hüququ tələb etmək sistemə qarşı çıxmaqdırsa, deməli sistem mənim hüququmun əleyhimədir.

- Türklərin aşağılanması hansı kitablarda yazılıb?

-Bütün tarix kitablarında belə yazılır. Xüsusən orta məktəb dərsliklərində. Türkləri, onların dövlət rəhbərlərini qaniçən, geri qalmış şəxslər kimi təqdim edirlər. Yazırlar ki, fars hökmdarları abadlıq işləri görüblər, insan haqlarını tanıyan olublar. İranın əsas şəhərləri İsfahan, Şiraz, Tehran hamısı səfəvilər zamanında abadlaşdıb, indi niyə türk tarixinə qarşı belə iftira atırlar? Bizim tariximizin aşağılanması hələ Rza şah Pəhləvi zamanından başlayıb, indi də davam edir. Hələ o zamanlar analarımıza türkcə layla deməyi yasaqlamışdılar, uşaqlara türk adları qoymağa imkan vermirdilər. Onu da deyim ki, İranda türklər yaşayan regionların sosial vəziyyəti çox gərgindir. Rəştin yarısından çoxu türkdür, amma bir tikə çörəyə möhtacdırlar. Nə günahımız var ki, bir tikə çörəyi öz vətənimizdə tapa bilmirik. Yollarımız xaraba qalıb.

- Belə deyirlər ki, İranın rəhbərliyində xeyli türk var, buna görə də İranda türklərirn vəziyyəti yaxşıdır?

-Bir misal var, deyir ki, «elinə, dilinə yanmayan bir kəs tutaq ki, xandı, sultandı nə faydası». Bəli, sizin fikrinizi qəbul edirəm, İran əhalisinin əksəriyyəti 30 milyondan artığı türkdür. Diqqət yetirsəniz İranın futbolçusundan tutmuş, siyasətçiləri, hərbiçiləri türkdür. Amma təəssüf ki, təfəkkür fars təfəkkürüdür, ona görə də bunların hamısı o sisteminin xidmətindədir.

Ayətullah Xanneyi şüarlarında deyir ki, «Azərbaycan oyaqdı, inqilaba dayaqdı». Amma Əfqanıstan prezidenti gələndə onunla təmiz fars dilində danışır, amma Azərbaycanınkı gələndə tərcüməçi ilə danışır, hansı ki, o türkcəni çox gözəl bilir.

Orta məktəbin ədəbiyyat kitabında yazırlar ki, guya Teymurləng gəlib Firdovsinin qəbrini açır, görür ora gülüstandır, amma öz babasının qəbrin açır görür qan içindədir, tüpürüb geyir qayıdır. Bunu hansı tarix yazır, bunu hansı mənbə təsdiqləyir, yalandı, uydurmadı hamısı. Firdovsinin kitabı İran və Turan arasına ixtilaf salmaq kitabıdır, türkləri aşağılayan, fars şovinizmini təbliğ edən kitabdır. Bütün bunlar təəssüf doğurur. Onların təbliğ etdikləri islamın arxasında mən yaxşı bir şey siyasət görmürəm.

-Vədud bəy sizi necə həbs etdilər?

-Toyumdan dərhal sonra.

- İddiaları da o olub ki, toyda türk mahnıları ifa olunurmuş…

-Bu həbsin səbəbləri əvvəllərə gedir. Mən hələ Ərdəbil universitetdə olanda «Səhər» adlı qəzetim var idi, milli mədəniyyətimizi, yaddan çıxmış folklorumuzu öyrənirdik. Amma bizi həbs edə bilmirdilər, qanunsuz heç nə etmirdik. Universitetdən qayıdıb gələndə isə mənə öz dilləri ilə deyirdilər ki, «biz gözləyirik ki, sən toy edəsən, səni toyunda tutub aparaq».

Biz nə Allaha qarşıyıq, nə də ki, hər hansı başqa bir millətə. Deyirik biz də insanıq, bizim də dilimiz var, bizim haqqımızı tapdamayın.
Əgər, zülmlə, zindanla siyasət olsaydı gərək onda bizin yaşadığımız torpağa bir qapı qoysunlar desinlər ki, Azərbaycan zindandır.

-Vədud bəy sizin ixtisasınız nədir?

-Mən yerşünaslıq ixtisasına yiyələnmişəm, geamorfologiya üzrə. Əvvəlcə Ərdəbildə oxudum, sonra ailə vəziyyətimlə bağlı qayıdıb Rəştə davam etdirdim.

-Bəs təhsilinizi başa vura bildinizmi?

-Bir il olar ki universiteti bitirmişəm. 29 yaşım var, imkan versələr, təhsilmi hələ dəvat etdirmək istəyirəm.

-Məhkəmənin qərarından şikayət verəcəksinizmi?

-Yoldaşlar dedilər ki, vəkil tut. Amma burda məhkəmələr bəllidir necə işləyir. Bizim hüquqlarımız Quranda qorunur. İranın Konstitusiyasının 19-cu maddəsində də yazılıb ki, hamı qanun qarşısında bərabərdir. Amma onlar öz yazdıqları qanunlara məhəl qoymurlar.

Mənim ittihamnaməmdə yazılıb ki, guya mən demişəm ki, İranda rejim faşist rejimidir, bu, iftiradır. İndi məni zindana salmaqla məsələ həll olacaq? Mənim qardaşım var, elim-obam var. Qoy Azərbaycan xalqı bilsin ki, onun balalarını hansı adla aparıb zindanlarda ömürlərini çürüdürlər. Təcridi-nəzərə (apelliyasiya) gəldikdə şikayət hazırlamışam. Amma inanmıram bunun bir faydası olsun, onların verdikləri qərar əvvəldən məlumdur. 

                                                                                                ***
Milli fəal Vədud Əsədi bundan əvvəldə həbsdə olub. Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır.

Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakana bənzədən karikaturanın çapından sonra da həbs olunmuşdu.
Həmin vaxt universitetdə təşkil olunan etiraz tədbirinə və diskriminasiya əleyhinə aclıq aksiyasına qatılan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, ona qarşı heç bir ittiham irəli sürməmişdilər.

İran konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz dilində təhsil və mədəniyyətlərini qorumaq haqqı tanısa da, azərbaycanlıların ana dilində təhsil tələbləri yerinə yetirilmir. İranda müxtəlif mənbələrə görə 20 milyondan 35 milyonadək azərbaycanlı yaşayır.

ABŞ Dövlət Departamentinin İnsan hüquqları hesabatında bildirilir ki, azərbaycanlı iranlılar etnik və linqvistik diskriminasiyaya məruz qalmalarından, o cümlədən, məktəblərdə azərbaycanca təhsilə qoyulan qadağalardan, coğrafi adların dəyişdirilməsindən şikayətçidirlər.

Beynəlxalq Amnistiya Təşkilatı İranda milli hüquqları uğrunda mübarizə aparan azərbaycanlı fəalların İranda təzyiqlərə, həbs və işgəncəyə məruz qaldığını, bu fəalları vicdan məhbusu kimi tanıdığını bildirir.

yazilib گونئی سسی GuneySesi Tue 10 Mar 2009 saat 15:53 | link |

GÜNEYLİ FƏAL 5 AY ŞƏRTİ HƏBS CƏZASINA MƏHKUM EDİLİB

Beytulla BerzegeriMedia forum(2009-03-16):Meşkinşəhər (Xiyav) İnqilab Məhkəməsi Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəal Beytulla Bərzigəri 5 ay şərti həbs cəzasına məhkum edib.

«Media forum» saytının məlumatına görə, qapalı keçirilən məhkəmədə B.Bərzigər dövlət quruluşuna qarşı təbliğatda, Güney Azərbaycan milli hərəkatı ilə bağlı disklər yaymaqda günahlandırılıb.

Fəalın vəkilinin məhkəmə iclasına buraxılmadığı bildirilir.

yazilib گونئی سسی GuneySesi Mon 9 Mar 2009 saat 7:21 | link |

2 GÜNEYLİ FƏALA HÖKM OXUNUB

2009-03-06

MehkemeRəşt İnqilab Məhkəməsində Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan 2 güneyli fəala hökm oxunub. Məhkəmənin qərarı ilə nəşrinə qadağa qoyulmuş «Səhər» tələbə jurnalının baş redaktoru Vədud Əsədi 1 il, Hüseyn Rəhimi isə 6 ay həbs cəzasına məhkum edilib.

«Media forum» saytının məlumatına görə, Rəşt Universitetinin tələbələri olan hər iki fəal dövlət quruluşuna qarşı təbliğat aparmaqda və pantürkizmdə günahlandırılaraq həbsə məhkum edilib.

V.Əsədi 2008-ci il iyulun 22-də Rəştdə tutularaq 34 gün həbsdə saxlandıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdı. V.Əsədinin ailəsi güney mənbələrinə fəalın yerli ETTELAAT idarəsinin həbsxanasında saxlandığı müddətdə psixi və fiziki işgəncələrə məruz qaldığını deyiblər.

V.Əsədi fevralın 28-də Rəşt İnqilab Məhkəməsinə çağırılmışdı.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Sun 8 Mar 2009 saat 7:34 | link |

TƏBRİZLİ FƏALA 2 İL HƏBS CƏZASI VERİLİB

2009-03-04

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan təbrizli fəal İrəc Həsəni 2 il həbsə məhkum edilib.

«Media forum» saytının məlumatına görə, Təbriz İnqilab Məhkəməsi  İ.Həsənini asayişi pozmaq, qanunsuz aksiya və toplantılarda iştirakda günahlandıraraq 4 ay həbsə və 30 şallaq zərbəsinə məhkum etsə də, işə apellyasiya instansiyasında baxıldıqda şallaq zərbələri ləğv edilib, həbs müddəti isə 2 ilə qaldırılıb.

İ.Həsəni 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz əlaməti olaraq düzənlənən may-iyun aksiyalarının ildönümündəki toplantılara  qatıldığı üçün tutulub.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Thu 5 Mar 2009 saat 7:38 | link |

AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN BURAXDIĞI JURNALA İLK SAYDAN QADAĞA QOYULUB

2009-03-03

Urmiya Azad Universitetində təhsil alan azərbaycanlı tələbələrin buraxdığı «Yağış» ədəbi-bədii jurnalına (baş redaktor Əmir Qəhrəmani) ilk sayındanca qadağa qoyulub.

«Media forum» saytının məlumatına görə, universitetin mədəniyyət işləri üzrə şurası ilk sayında Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə yazılar dərc edilən jurnalın materiallarına baxdıqdan sonra jurnalı pantürkizmdə günahlandırıb və yayımına qadağa qoyub. Şura qadağanı vaxtilə universitetdə eyni adla çıxan nəşrin «pantürkizmi yayması» ilə əsaslandırıb.

Son zamanlar İranda azərbaycanlı tələbələrin Azərbaycan türkcəsində çıxardığı «Ulus», «Nəsim», «Azər», «Özlük», «Oyanış», «Səttarxan», «Kimlik», «Yoldaş», «Yağış», «Aydın Gələcək», «Qıpçaq», «Günəş», «Yarpaq», «Tələngər», «Çənlibel», «Yaşıl yol», «Ana Yurd», «Səhər», «Açıq Söz», «Sayan», «Bulud» və «Xələc» kimi nəşrlər qapadılıb.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Sun 1 Mar 2009 saat 7:47 | link |

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı ,  Fevral 2009-ci il

Azərbaycanın mədəniyyət fəalları İran təhlükəsizlik və hüquq mühafizə orqanlarının davamlı təzyiqlərinə məruz qalırlar. Onlar, məhkəmə qərarı olmadan həbs edilir, rəsmi ittiham irəli sürülmədən və vəkil tutmaq haqlarından yoxsun bir şəkilə tutuqlanır və uzun müddət İranın təhlükəsizlik orqanlarının qapalı təcridxanalarında saxlanılırlar. Saxlandıqları müddətdə adətən siyasi məhbuslarla pis davranılır. Onlar işkəncə edilərək, törətmədikləri əməllərə etiraf etməyə məcbur edilirlər və nəhayət, onların haqqında ağır cəzalar verilir.

Yeni Həbslər

Ərdəbil Ettelaatının əməkdaşları 5 Fevral 2009-da Azərbaycanın tanınmış kültür fəallarından olan Ramin və İbrahım Sadiqi Əsl qardaşlarını həbs edib. Daha sonra isə ailənin axtarışda olan daha bir üzvü Məhəmməd Sadiqi tutuqlanıb.

İbrahım Sadiqi İki həftə saxlandıqdan sonra zaminə buraxılsa da, Məhəmməd və Ramin Sadiqi qardaşları hələ də Ettelaatın təcridxanasında saxlanılır. Sadiqi qardaşlarına qarşı irəli sürülmüş ittiham bəlli deyil və onlara, vəkil tutmaq və ya ailə üzvləri ilə görüşmək icazəsi verilməyib.

Ərdəbil Ettelaatında saxlanılan başqa məhbuslardan alınan məlumatlara görə, etiraf alınması məqsədi ilə Sadiqi qardaşlarına işkəncə verilir. Dəqiq məlumatlara görə, saxta etirafların alınması üçün Sadiqi qardaşları döyülür və onlara elektrik şok verilir.

Ramin Sadiqi 21 Fevral 2007-cı ildə keçirilən ana dili tədbirləri zamanı etiraz vərəqələri yayarkən həbs olunmuş, daha sonra isə zaminə buraxılmışdı. Beynəlxalq Əfv Təşkilatı Raminlə bağlı bəyanatla çıxış etmiş və onun azadlığını tələb etmişdi.

Həbsdən Azad olunanlar

Azərbaycanlı mədəni fəal və tələbə Mehdi Nuri 2 illik həbs cəzasını başa vuraraq, Cümə günü Fevralın 20-də Azdlığa buraxılıb. 2006-cı ilin Mayında Azərbaycanda baş vermiş üsyanlar zamanı, Mehdi Nuri də Sulduz(Neqədə) şəhərində həbs olunmuş, Nəqədə, Urmiyə və Təbriz Ettelaat orqanlarında fiziki işkəncələrlə müşayiət olunan 80 günlük dindirmələrdən sonra müvəqqəti azadlığa buraxılmışdı.

O, əvvəlcə Urmiyə İnqılab Məhkəməsi tərəfindən 4 il həbs, 3 il sürgün və daha 3 il azadlıqdan şərti məhrum edilmə cəzasına məhkum edilmişdi. Daha sonra isə işi yenidən araşdıran yuxarı məhkəmə cənab Nurini 2 il həbs və 3 il azadlıqdan şərti məhrum edilmə cəzasına məhkum etdi.

Ayrıca, Tehranın Rəcai Universitetinin müəllimi, azərbaycanlı fəal, Abdulla Abbasi Cəvan 105 gün müddətinə Evin həbsxanasında saxlandıqdan sonra, 25 Fevral 2009-da zaminə buraxılıb. Əslən Sulduzlu olan cənab Abbasinin azadlığa buraxılması yaşlı anasının vəfatında 2 gün sonra baş verib.

ADAPP- Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyinin mənbələrinin verdiyi məlumata əsasən, “Dövlətçiliyə qarşı əks-təbliğat”da ittiham olunan Cənab Abbasi 70 milyon tümən girov qoymaqla zaminə buraxılıb. Onun işinə Rey şəhəri İnqılab Məhkəməsində baxılır. Cənab Abbasi 13 Noyabr 2008?-də Səttarxan mərasimi zamanı həbs olunmuşdu.

Ailəsinin bildirdiyinə görə, saxlandığı müddətdə o, Evin həbsxanasının 209-saylı qapalı təcridxanasında müxtəlif psikoloj və fiziki işkəncələrə məruz qalıb. O, həbs olunduqdan 3 ay sonra bircə dəfə ailəsi ilə qıssa müddətə görüşə bilib. Bu vəziyyət isə bütün ailə üzvlərinə, özəlliklə fəalın yaşlı anasına olduqcaq pis təsir göstərib.

Abdulla Abbasi 2007-ci il Avqustun 18-də də həbs olunaraq 130 gün müddətinə təcridxanada saxlanmışdı.Bunun ardınca, Tehranın İnqılab Məhkəməsinin 3-cü şöbəsi onu 5 il müddətinə dondurmaqla 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi.

Bundan başqa, “Arman” Tələbə Birliyinin keçmiş üzvlərindən olan azərbaycanlı kültür fəalı Vəhid Şıxbəylı 49 gün həbsdə saxlandıqdan sonra, 50 milyon tümən girov qoyaraq, 11 Fevral 2009- cü il tarixində zaminə buraxılıb. Vəhid Şıxbəylı “Milli təhlükəsizliyi və ictimai asayişi pozmaq”da ittiham olunur.O, 24 Dekabr 2008-də Təbrizdə, evinin önündə həbs edilərək, Ettelaata aparılmış, 10 gün dindirildikdən sonra Təbrizin Ümumi rejimli həbsxanasının “Mali Bölümünə” köçürülümüşdü.

Azərbaycanlı Tələbə fəallarından olan cənab Şıxbəylı daha öncələr də bir neçə dəfə həbs olunub. O, ilk dəfə 2006-cı ildə İran qəzetinin Azərbaycan türklərini təhqir edən karikaturasının nəşrinə qarşı keçirilən May üsyanları zamanı həbs olunmuş, 50 gün saxlandıqdan sonra zaminə buraxılmışdı. Bunun ardınca, o, 91 gün həbs cəzasına məhkum edilmişdi.

Ağır cəzalar

Azərbaycanlı kültür fəalları, Behruz Əlizadə, Rəhim Qulami, Vədud Səadəti, Hüseyn Hüseyni və Ərdəşir Kərimi Xiyavi, bu il Yanvarın 19-da Ərdəbil İnqılab Məhkəməsində keçirilən qapalı iclasın sonunda hər biri 5 il həbsə məhkum edilmişlər.

Məhkəmə qərarına görə, “ milli təhlükəsizliyi pozmaq məqsədi ilə grup təşil etmək”də günahlandırılan həmin fəallar, həbs cəzalarını Kirman, Hormozgan, Bocnurd, Simnan və Həmədan həbsxanalarına keçirməlidirlər. Ərdəbil Əyalətinin təhlükəsizliyinin təmin olunması sürgün qərarına əsas səbəb kimi göstərilir.

Məhkəmə hökmündə, “Çənli bel” və “Azərbaycan Milli Hərəkatı” kimi “qanunsuz təşkilatlara” işarə edilir. Ərdəbil İnqılab Məhkəməsinin bu qərarı Azərbaycanlı insan haqları və mədəniyyət fəallarının ciddi etiraz və tənqidlərinə səbəb olub. Onların bildirdiyinə görə, “Çənli bel” və “Azərbaycan Milli Hərəkatı” adlı hər-hansı təşkilat yoxdur, “Çənli bel” Azərbaycanlı fəal Abbas lisaninin mağazasının adı olub və azərbaycanlıların haqlarının əldə edilməsi uğrunda gedən ictimai hərəkat “Azərbaycan milli hərəkatı”adlansa da, bu adlı hər-hansi siyasi partiya mövcud deyildir. Ərdəbil məhkəməsinin bu kimi ittihamları, Azərbaycanda gedən mədəni hərəkatı boğmaq üçün düşünülmüş siyasi addım hesab edilir.

Behruz Əlizadə, Rəhim Qulami, Vədud Səadəti və Ərdəşir Kərimi Xiyavi 8 Aprel 2009-da, Ərdəbilin Ettelaat orqanları tərəfindən həbs edilərək 20 gün müddətinə qapalı təcridxanada saxlandıqdan sonra, 30 milyon tümənlik girovlar qoyaraq zaminə buraxılmışdırlar. Azad edildikdən az sonra, onlar saxlandıqları Ərdəbil Ettelaatının təkadamlı təcridxanasında fiziki və psikoloji işkəncələrə məruz qaldıqlarını, yaxınları ilə görüşməkdən və vəkil tutmaqdan məhrum edidiklərini bəyan etdilər.

Təbriz Universitetinin tələbələri, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xacei, Əmir Mərdani və Ehsan Nəcəfinəsəb və İsfahan Universitetinin Gəmiqayırma üzrə tələbəsi, Məcid Makui hər biri 1 il müddətinə olmaqla həbs və daha 2 il şərti həbs cəzalarına məhkum ediliblər. Başqa tələbə fəalları, Mənsur Əminiyan və Məqsud Əhdi, eləcə də Hərbi xidmətdə olan ordu zabiti Dariyuş Hatəmi isə bəraət alıblar. Adı çəkilən fəalların işləri ilə bağlı məhkəmə iclası,18 Yanvar 2009-da Təbrizin İnqılab məhkəməsinin 1-ci şöbəsində keçirilib.Məhkəmə, onları “ milli təhlükəsizliyi pozmaq məqsədi ilə grup təşil etmək”də və “dölətçiliyə qarşı əks-təbliğat”da günahlandırıb.

ADAPP-ın əldə etdiyi məlumatlara görə isə, adı çəkilən azərbaycanlı fəalar yalnız veb səhifə açdıqlarına və “AZOH” adlı bir veb saytda Azərbaycanla bağlı tənqidli yazılar yazdıqlarına görə həbs edilibmişlər.

Onlar ötən ilin yayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və 3 ay müddətinə Ettelaat təcridxanasına pis davranışlar və işkəncələrə məruz qaldıqdan sonra zminə buraxılmışdılar. Saxlandıqları müddətdə, fəalların öz ailə üzvləri ilə görüşmələrinə qadağa qoyulmuş və onlara vəkil tutmaq icazəsi verilməmişdir.

Bundan başqa, Həmid Valai və Qulam Nəcəfi Təbrizin İnqılab Məhkəməsi tərəfindən 1 il azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər. Onlar, 28 Yanvar 2009-da “dölətçiliyə qarşı əks-təbliğat” ittihamı ilə hakim qarşısına çıxarılmışlar. Məhkəmənin qərarına görə, məhkumlar 1 illik həbs cəzalarının 3 ayını zindanda keçirməlidir. Cəzanın qalan hissəsi 5 il müddətinə döndurulur.

Onlar, ötən İyul ayında “Günəş” jurnaalının Azərbaycanda May Üsyanları başlıqlı özəl sayısını nəşr etdiklərinə görə Təbriz Ettelaatı tərəfindən tutuqlanmış 15 gün dindirmənin ardınca müvəqqəti azadlığa buraxılmıdılar.

İnsan haqları müdafiəçilərini beynəlxalq müdafiə təşkilatı- “Frant Line” 8 Avqust 2008-də bildirib ki, Ettelaat təcridxanasında verilən işkəncələr nəticəsində Həmid Valainin dişlərinin sınıb, damağında qan axmalar baş verib, sağ ayağı və başı əzilib.

Qəbri Azərbaycanlı sünni türklərə qarşı həbs, sürgün və şallaq cəzaları

Urmiyənin Qızıl Xənəyə(Xanqah-e Sorx) kəndinin 25 sakininə qarşı hökm oxunub. Onlar kəndin su qaynaqlarının istiqamət deyişdirilməsinə qarşı etiraz zamanı həbs olunmuşdurlar. Urmiyənin Nazlı Bölgə Məhkəməsi tərəfindən “İctimai Asayişi pozamaq” və “polisə müqavimət göstərmək”də ittiham olunan Süleyman İbrahimi, Məhımməd Səmədzadə, Murtuz Cəfəri, Allahverdi Aslani, Məhəmməd Mənafzadə, Əyyub Əzizpur, Əkbər Rüstəmi, Merac Əlipur, Səid Cəfərpur, Məcid Qulizadə və Ziyad Cəfərpur məhkəmə tərəfindən 2 il həbs, 1 il Minab şəhərinə sürgün və 74 şallaq cəzalarına, Behruz Məcidi 1 il həbs,1 il Minab şəhərinə sürgün, Barzad və Meqdad Nizami Əfşarlar və Məhəmməd Əşrəfi isə 6 ay 2gün həbsə məhkum ediliblər.Bununla yanaşı, Heydər Əlipur, Hüseyn Vahabzadə, Sülayman Əhmədi, Həbibolla Əhmədi və Məhəmməd Cəfəri 300 min tümən, Höccət Mükərrəm isə 200 min tümən cərimə ödəməyə məhkum ediliblər. Mehdi İsmaili, Əsgər Qarahacılı, Behzad Yəqubzadə və Cəfəriyə bəraət verilib.

Yanvarın 14-də Qızıl Xənəyə kəndinin əkinçiliklə məşqul olan sakinləri, yeraltı su qaynaqlarının yön dəyişdirməsinə etiraz olaraq Urmiyə-Salmas caddəsində dinc etiraz aksiyası keçiriblər. Polis dinc aksiyanı dağıtmaq üçün gözyaşardıcı gazlardan və odlu silahdan istifadə edib. Aksiyaçılardan azı 30 nəfəri həbs edilmiş, 10 gün müddətinə ağır işkəncələrə məruz qaldıqdan sonra zaminə buraxılıb. Həbs olunanlardan bir grupu yaralı olsa da, onlara hər-hansı tibbi yardım göstərilməmiş, bəziləri 5-6 saat qan axmalardan sonra xəstəxanaya çatdırılmışdı.

Qızıl Xənəyə, Urmiyənin Nazlı bölgəsində yerləşir. 2000 nəfər əhalisi olan bu kəndin sakinləri İslamın sünni təriqətinə inanan türklərdən ibarətdırlər. Onları “kürə sünni” və “sünni türklər”də adlandırılar. İranda Sünnilərə qarşı ciddi ayrı seçgiliklər həyata keçirilir. Onlara dini məktəblər açmaq, qeyri-hökümət təşkilatları yaratmaq icazəsi verilmir. Onların ali təhsil almaq və yüksək vəzifələr tutmalarına məhdudiyyətlər qoyulur. Əkinçiliklə məşqul olan kəndlərin su qaynaqlarının istiqamət dəyişdirilməsi əhalinin iqtisadi çətinlilərinin artmasına səbəb olur.

Urmiyədə “Haqq Əhli” təriqətçisi edam edilib

“Haqq Əhli”kimi tanınan “Ələvi” təriqətinin davamçılarında olan Mehdi Qasımzadə 28 Fevral 2009-da Urmiyənin mərkəzi həbsxanasına “Müharib” ittihamı ilə edam edilib.

Atəşbəyli firqəsinin davamçıları olan, Mehdi Qasımzadə, Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Yunus Ağayan Miyandab-Qoşaçay şəhərinin yaxınlığında yerləşən “Üç Təpə” kəndinin sakinləridir. Onlar, ötən il “Üç Təpə” kəndinin sakinləri ilə İranın Nizam İntizam Qüvvələri arasında baş vermiş qarşıdurmalardan sonra həbs edilərək İnqılab məhkəməsi tərəfindən ölümə məhkum edilmişdirlər. Edam qərarına yenidən baxılması zamanı, Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadulla Qasımzadənın ölüm hökmləri 13 il həbslə əvəzlənsə də, Mehdi Qasımzadə və Yunus Ağayanın edam qərarları təsdiqləndi.

Yayılan xəbərlərə görə, İran təqvimi ilə Abanın 27-də! İranın mərkəzində yerləşən Yəzd şəhər həbsxanasına köçürülən Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadulla Qasımzadə, mərhum M. Qasımzadənin haqqındakı edam qərarının icrasına qarşı etiraz olaraq aclıq aksiyasına başlayıblar. “Haqq Əhli” tərəfdarlarına təzyiqlər və Mehdi Qasımzadənin edam edilməsi, barəsində ölüm hökmü çıxarılmış,Yunus Ağayanın da yaxın günlərdə edam oluna biləcəyi ilə bağlı narahatlığa səbəb olub.

Məhkəmələrin Keçirilməsi

28 Fevral 2009-da Rəşt şəhərinin İnqılab məhkəməsində Azərbaycanlı insan haqları müdafiəçisi, Vədud Əsədiyə qarşı irəli sürülmüş “dölətçiliyə qarşı əks-təbliğat”ittihamı ilə bağlı 3-cü məhkəmə iclası keçirilib.

Vədud Əsədi, ötən İyun ayının 22-də Rəşt Ettelaatının əməkdaşları tərəfindən həbs olunaraq, 34 gün qapalı təcridxanada saxlandıqdan sonra zaminə buraxılıb. Ailəsinin dediyinə görə, təcridxanada saxalandığı müddətdə o, davamlı fiziki və psikoloji işkəncələrə məruz qalıb.Cənab Əsədinin ailə üzvlərinə ümumiyyətlə onun harada saxlanması haqda hər-hansı məlumat verilməyibmiş.

“Frant line” Avqustun 8-də və ABŞ-ın Dövlət Departamenti isə Avqustun 15-də ayrı-ayrılıqda cənab Əsədinin həbsini pisləyən bəyanat yaymışlar.

Ərdəbilli siyasi məhbus oğrularla birlikdə

“Milli təhlükəsizliyi pozmaq və Casusluq” maddəsi üzrə təqsirli bilinən Ərdəbilli milli hərəkat fəal, Əli Abbasi daha öncə saxlandığı Ərdəbil Zindanının 7-cı bölümündən çıxarılaraq, oğruların saxlandığı 4-cü bölümə köçürülüb. Yaxınları ilə görüş zamanı cənab Abbasi saxlanma şəraitinə etiraz etdiyini bildirib. Onun fikrincə oğruların saxlandığı 4-cü bölümə köçürülməklə ona psikoloji təzyiq göstərilir.

Əli Abbasi, 14 Oktoyabr 2007-ci il tarixində həbs olunub. O, 38 gün müddətinə Ərdəbil Ettelaatında işkəncə edildikdən sonra vəkilsiz və qapalı keçirilən məhkəmə iclasının sonunda İnqılab məhkəməsinin hakimi, Həsənzadə tərəfindən 11 il həbsə məhkum edilmişdi. Abbasının haqqında çıxarılmış 11 illik həbs cəzası, daha yuxarı məhkəmə tərəfindən 5 il həbslə əvəzlənib. Azərbaycan Respublikasına səfəri, onun“casusluq”da ittiham olunmasında əsas dəlil kimi göstərilib.

Beynəlxalq Ana Dili Günü , məhdudiyyətlər və təzyiqlər

21 Fevral, UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edildikdən sonra, İrandakı Azərbaycanlılar bu günü qeyd etməyə cəhd edir. Hər il olduğu kimi bu il də, Azərbaycan milli və mədəni hərəkatının fəalları bununla bağlı müxtəlif tədbirlər keçirməyə çalışıb.

Təbriz, Urmu, Ərdəbil, Zəncan, Marağa, Əhər, Mərənd və Sulduzda hərəkat fəalları, Beynəlxalq Ana Dili Günü ilə bağlı təbrik vərəqələrı və İranda Azərbaycan türkcəsində təhsil hüququnun təmin edilməsinə çağıran bəyanatlar yayıblar.

Böyük şəhərlərdə polisin hazırlıq vəziyyətinə gətirilməsi ucbatından, hərəkat fəalları tədbir və toplantılarını gizlilik şəraitində keçirməyə məcbur olublar.Hər-hansı kütləvi etirazı boğmaq məqsədi ilə İranın başqa şəhərlərindən Azərbaycana əlavə qüvvələrin gətirildiyi bildirilir.

Tehranda isə azərbaycanlı tələbələrə, Beynəlxalq Ana Dili Günü münasibəti ilə hər-hansı tədbir və toplantı keçirməməklə bağlı xəbərdarlıqlar edilib. Ötən illlərdə Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən etirazlar zamanı çox sayda azərbaycanlı tələbə və fəal həbs olunmuş və bir neçə aylıq həbs cəzalarına məhkum edilmişdirlər. İran Konstitutsiyasının 15- ci maddəsi, İrandakı bütün millətlərin öz ana dillərində təhsil hüququ təzmin edir, amma bu maddə indiyənə dək icra olunmayıb. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qeyri- fars xalqlara öz dillərində təhsil imkanı yaradılmayıb.

Türkcə adlara qarşı məhdudiyyətlər

Azərbaycanın müxtəlif şəhərlərindən gələb xəbərlərə görə, “Əmakin” Orqanlarının əməkdaşları Türkcə adlar və reklam yazıları olan mağazalara gedərək, sahibkarları həmin adları dəyişdirməyə məcbur edirlər. Hökümət nümayəndələri xəbərdarlıq edir ki, dükan sahibləri hər-hansı problem yaşamaq üçün öz dükan və mağazalarına Farsca ad və reklam yazıları seçməlidirlər. Bu ilin 21 Fevralında, Şahin Dej şəhərinin təhlükəsizlik orqanlarının əməkdaşları bir neçə mağazanı, o cümlədən yerli yazar və şairlərin yığışdığı “Azərbaycan” Çayxanasını bağlayıb. Bütün bunlar, Azərbaycanlı millət vəkillərinin etirazlarından sonra “Türkcə adlar və reklam yazılarının qadağan edilməsi” ilə bağlı qanunun ləğv edildiyiyinə dair İranın Daxili İşlər və Ticarət Nazirliklərinin son iddiaları ilə eyni vaxtda baş verir.

Öyrənci jurnallarının bağlanması

Son bir ildə, Azərbaycanın tələbə jurnallarına qarşı basqılar daha da artıb. kültürəl sahədə çalışan tələbə dərgiləri davamlı təzyiqlərə məruz qalıb və ya qapadılıb.

Azərbaycan dilli nəşlərin sıxışdırlıması yönündə, Vəhid Əsgərinin baş yazarlığı ilə Yəzd Universitetində 1 nömrəsi işıq üzü görən, “İşıl Ay” jurnalının 2-cı sayısının nəşri universitet rəisinin əmri ilə dayandırılıb.

Bundan öncə isə Türk –Fars dillərində nəşr edilən “Ulus”, Nəsim, Araz, Özlük, Oyanış, Səttarxan, Kimlik, Yoldaş, Yağış, Aydın Gələcək, Qıpçaq, Günəş, Yarpaq, Tələngər, Çənli Bel, Yaşıl Yol, Ana Yurd, Səhər, Açıq Söz, Sayan, Xələc kimi tələbə nəşrləri İran Universitetlərinin rəhbərliyi tərəfindən qapadılıb.

yazilib گونئی سسی GuneySesi Sat 28 Feb 2009 saat 17:6 | link |

AZƏRBAYCANLI MƏHBUS EDAM EDİLİB

2009-03-02

Əlallahı təriqətindən olan azərbaycanlı Mehdi Qasımzadə dörd il yarım həbsdə saxlandıqdan sonra fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb.

M.Qasımzadə dörd il yarım əvvəl Qoşaçayın Üçtəpə kəndindən olan digər dörd əlallahı - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmmədi və Yunis Ağayanla birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla həbs edilmişdi. Məhkəmə üç nəfəri 13 illik həbsə, Mehdi Qasımzadə və Yunis Ağayanı edama məhkum etmişdi.

«Media forum» saytının məlumatına görə, M.Qasımzadənin meyiti ailəsinə təhvil verilməyib. Zindan rəsmiləri Mehdinin valideynlərinə ETTELAAT əməkdaşlarının meyiti naməlum istiqamətə apardığını deyiblər.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Fri 27 Feb 2009 saat 7:51 | link |

GÜNEYLİ FƏAL MƏHKƏMƏYƏ ÇAĞIRILIB

2009-02-27

Nəşrinə qadağa qoyulmuş «Səhər» tələbə jurnalının baş redaktoru Vədud Əsədi Rəşt İnqilab Məhkəməsinə çağırılıb. Fəal fevralın 28-də məhkəmədə olmalıdır.

V.Əsədi 2008-ci il iyulun 22-də Rəştdə tutularaq 34 gün həbsdə saxlandıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Fəal dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır.

«Media forum» saytının məlumatına görə, Rəşt Azad Universitetində geologiya təhsili alan V.Əsədinin ailəsi güney mənbələrinə fəalın yerli ETTELAAT idarəsinin həbsxanasında saxlandığı müddətdə psixi və fiziki işgəncələrə məruz qaldığını deyiblər.

yazilib گونئی سسی GuneySesi Wed 25 Feb 2009 saat 7:53 | link |

Abbasi Cavan azadlığa buraxılıb

Azadlıq Radiosu © Xədicə İsmayılova - 25.02.2009

Abdulla Abbasi JavanAzərbaycanlı fəal Abbasi Cavan azadlığa çıxıb.

Abbasi Cavan bacısı oğlu ilə birlikdə ötən il noyabrın 13-də Rey şəhərində tutulub. Onlar 1906-1914-cü illər konstitusiya hərəkatının lideri Səttarxanı anma mərasiminə qatılarkən həbs ediliblər.

Ailəsindən «Azadlıq» radiosuna Abbasi Cavanın hazırda evində olduğunu təsdiqləyiblər. Ancaq Abbasi Cavan müsahibə verməkdən imtina edib.

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, azərbaycanlı fəal Tehranın Evin həbsxanasının İran təhlükəsizliyinə aid olan 209 nömrəli bölümdə saxlanılıb.

Abbasi Cavan 2007-ci ildə də Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zindanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə beynəlxalq təşkilatlar onun fiziki və mənəvi işgəncələrə məruz qaldığını bildirmişdilər.

Daha sonra Tehran İnqilab Məhkəməsi onu bir illik həbs cəzasına məhkum edib.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) Abbasi Cavanı vicdan məhbusu kimi tanıyıb.

yazilib گونئی سسی GuneySesi Mon 23 Feb 2009 saat 15:46 | link |

İranda azərbaycanlıların «Ana Dili Günü» kampaniyası

Azadlıq Radiosu © Xədicə İsmayılova - 20.02.2009

İran Azərbaycanında milli hüquqlar uğrunda hərəkatın fəalları Beynəlxalq Ana Dili Günü münasibətilə geniş kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində Təbriz, Əhər, Mərənd, Ərdəbil, Urmiya və Sulduz (Nəqədeh) şəhərlərində təbrik ismarışları paylanıb.

Sellofana bükülmüş şirniyyatla birgə paylanan ismarışlarda «21 fevral UNESCO tərəfindən Dünya Ana Dili Günü kimi elan edilib. Bütün azərbaycanlılara, özəlliklə də həmşəhərlilərimizə mübarək olsun!» sözləri, eləcə də Şəhriyarın türk dili haqqında şerindən misralar əksini tapıb.

Məktəblilərə üzərində «Ana diliniz qutlu olsun - Türk dilində mədrəsə olmalıdır hər kəsə» yazılmış qələmlər paylanıb. Divarlara Azərbaycan dilində təhsil tələbilə şüarlar yapışdırılıb, kütləvi SMS-lər göndərilib. (Yazı videonun altında davam edir)

İran Azərbaycanındakı mənbələr bu kampaniyanın gizli aparıldığını bildirir. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) verdiyi məlumata görə, böyük şəhərlərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib, ölkənin mərkəzi bölgələrindən Azərbaycan şəhərlərinə qüvvə cəlb edilib.

Paytaxt Tehran da daxil olmaqla, azərbaycanlıların yaşadığı şəhərlərin universitetlərində tələbələrə xəbərdarlıq edilib ki, Ana Dili Günü ilə bağlı tədbirlər keçirməsinlər.

Ötən illərdə Ana Dili Günü münasibətilə azərbaycanca təhsil tələbilə keçirilən aksiyalardan sonra İranın bir neçə şəhərində kütləvi repressiyalar aparılmış, çoxu tələbə olmaqla, milli mədəni hüquqlar uğrunda hərəkatın fəalları bir neçə aylıq həbs cəzası almışdılar.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
yazilib گونئی سسی GuneySesi Fri 20 Feb 2009 saat 15:36 | link |

GÜNEYLİ FƏAL 2 İLLİK HƏBSİ BAŞA VURUB

2009-02-23

Mehdi Nuri«Media forum» saytının məlumatına görə, Azərbaycan milli kimliyi uğrunda mübariz Mehdi Nuri 2 illik həbsini başa vuraraq qazamatdan çıxıb.

M.Nuri 2006-ci ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz əlaməti olaraq Sulduzda keçirilən kütləvi aksiyalara qatıldığı üçün tutulmuşdu. Urmiya İnqilab Məhkəməsində fəala 3 il həbs hökmü çıxarılsa da, apellyasiya məhkəməsi cəzanı 2 ilə endirmişdi.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Fri 20 Feb 2009 saat 7:58 | link |
 
offshore